“Sumqayıt” missiyasını icra edə bilmir! YAZI

Dünən Azərbaycan U-17 millisinin toplanış üçün heyəti açıqlandı. Baş məşqçisi məlum olmayan yığmaya hazırlıq müddətində aşağı yaş qrupları üzrə koordinator Miloş Velebit rəhbərlik edəcək. Serb mütəxəssis 27 futbolçuya dəvət göndərib. Onlar Premyer Liqanın 7 klubu – “Neftçi” (7), “Qəbələ” (5), “Zirə” (5), “Sabah” (4), “Qarabağ” (3), “Səbail” (1), “Keşlə” (1) və İsveç “Savedalense”sini təmsil edir.

 
Diqqət yetiriləcək məqamlar çoxdu: niyə ancaq Premyer Liqa klublarının yetirmələri yer ala bilib, “Qəbələ”dən başqa heç bir bölgə təmsilçisindən milliyə gələ biləcək futbolçu yoxdu, I Divizion klubları futbolçu yetişdirə bilmir və s. Daha bir maraqlı məsələ isə “Sumqayıt”dan bir nəfərin belə “27-liy”ə düşə bilməməsidi.
 
“Səbail”, “Keşlə”, “Zirə” olsa, fikir verməmək mümkün idi, ancaq axı “Sumqayıt”ın mövcudluq səbəbi kimi millilərə futbolçu hazırlanması göstərilir. İki gün əvvəl isə AFFA-nın baş katibi Elxan Məmmədov “CBC Sport”un efirində “Sumqayıt”ı bütün Premyer Liqa təmsilçilərində yetirməsi olan yeganə klub (?) kimi təqdim edib. Guya orda legioner oynamır, milliyə futbolçu hazırlanır və s.
 
“Sumqayıt”ın AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda cari nəticələrinə diqqət edək...
 
U-10 Liqası. “Sumqayıt” cəmi 4 komandanın mübarizə apardığı şimal regionunun Sumqayıt bölgəsində yarışır. Digər rəqibləri çox zəif olan komanda liderdi.


U-11 Liqası. “Kimyaçılar” yenə 4 komandalı liqada çıxış edir. Ancaq bu dəfə “Sumqayıt”ın nəticəsi pisdi. Komanda 3-cü pillədə qərarlaşıb.
U-12 Liqası. Sumqayıt təmsilçisi Bakı zonasında mübarizə aparır. Komanda 19 iştirakçı arasında 8-cidi.
U-13 Liqası. “Sumqayıt” 15 iştirakçı arasında 9-cu yeri tutub və pley-offa keçə bilməyib.
U-14 Liqası. 15 komanda arasında 10-cu yeri tutan “kimyaçılar” pley-offdan kənar qalıb.
U-15 liqası. “Sumqayıt” 14 iştirakçı arasında 8-cidi. Maraqlıdı ki, ilk 7 komanda Premyer Liqa təmsilçilərinindi və bu baxımdan “kimyaçılar” autsayderdi.
U-16 liqası. 14 komanda arasında 10-cu yer. “Sumqayıt” yenə Premyer Liqa klubları arasında ən pis nəticəyə malikdi.
U-17 Liqası. “Sumqayıt” 12 komanda arasında 8-cidi. Elita təmsilçilərindən təkcə “Səbail” daha aşağı mövqedədi.
Gənclər Liqası (U-19). 8 komanda arasında sonuncu pillə. Bu turnirdə yalnız Premyer Liqa klubları təmsil olunur.

 
Real durum məhz bu cür və acınacaqlıdı. Əsas komandası çoxdan legionerxanaya çevrilən (və autsayder olan) “Sumqayıt”ın aşağı yaş qruplarının da nəticələri biabırçıdı. İrandan, İsraildən, Dağıstandan, Türkiyədən... Azərbaycana hər hansı formada bağlantısı olan (və ya heç o da olmayan) lazımsız legionerləri gətirməklə xidmət edilmir ölkə futboluna. Əslində, belə mənzərəni normal qəbul etmək lazımdı. Başı menecerlik fəaliyyətinə, müştərisi olan futbolçulara klub tapmağa, millilərə baş məşqçi axtarmağa, kluba gətirdiyi legionerlərin milliləşdirilmə proseslərinə, sədri olduğu Klublar Komitəsində vacib məsələləri qeyd eləməyə və s. qarışan Riad Rəfiyevin əsas komandaya necə vaxt ayırdığını sorğulamışdıq, bəlkə heç akademiyanın nəticələri barədə məlumatlı belə deyil.

 

Futbolpress.az

Tarix: 27 Fevral [14:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2019
17  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio