Roberto Bordin: "Ağıllı oğlan olduğu üçün "Neftçi"yə gətirdim"

12:59 - 8 Mart 2019

"Neftçi"nin baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına müsahibə verib.

 

Sportal.az "II Mattino" nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Neftçi"yə gəlişindən danışıb:

 

"Şerif"də çalışdığım vaxt "Neftçi"nin idman direktoru məni izləyib. Mənimlə italiyalı agent vasitəsilə əlaqə qurdu. İki-üç görüşdən sonra anlaşdıq. Çünki "Neftçi"nin tarixi var və ölkənin ən titullu komandasıdır. Artıq xanımım və 16 aylıq qızım Bakıya köçüb. Digər iki övladım isə böyükdür və İtaliyada qalırlar".

 

Bordin Bakı şəhəriylə bağlı fikirlərini bölüşüb: "Bakı müasir və gözəl şəhərdir. Dənizi və böyük parkları var. Qədim yerdir və İçəri Şəhəri qeyd etmək lazımdır. Burada özümü yaxşı hiss edirəm. Şəhərin gözəl hissəsində oluram. Bir müddət sonra burada "Formula-1" olacaq. Dəyişkən iqlim olur: bu gün qar yağırsa, sabah 10 dərəcə isti olur. Dəyişməyən havanın küləkli olmasıdır".

 

54 yaşlı mütəxəssis Azərbaycan futbolu barədə danışıb: "Hər klubun öz bazası var. Yaxşı işlər gedir və buna təəccübləndim. Yaxşı məşqçilər var. "Qarabağ"ın artan büdcəsi var və güclü futbolçulara sahibdir. Ümumi deyərdim ki, azərbaycanlı futbolçular güclüdürlər. Çempionatda hər oyun meydana 6 əcnəbi buraxmaq olar. Azərbaycan yığması da pis deyil, Millətlər Liqasında yalnız son oyunda uduzdular".

 

Roberto Bordin məşqçilik bacarığından söz açıb:

 

"İşim rəssam kimidir. Futbolçu olduğum dönəmlərdə də 100 faizimi vermişəm. Mənim üçün dünyanın ən gözəl işi budur: futbol oynayırsan, pul qazanırsan, insanlar da səni izləyir. Bunun üçün gün ərzində olan məşqlərdə əlindən gələni etməlisən. Mən bir az Lippidən, bir az Boskovdan, bir az da Mandorlinidən götürmüşəm. Azərbaycana gələn ilk italiyalı oldum. Andrea Vetsunu da sonradan gətirdim. Futbolçulardan isə Canluka Sansoneni transfer etmişik. Burada Mixail adlı tərcüməçim var. O, "Şerif"də də mənimlə idi. Ağıllı oğlan olduğu üçün özümlə gətirdim. İtaliyada oxuyub və cümlələri emosional şəkildə qurur. Paltardəyişmə otağında ingilis dilindən istifadə edirəm. Sözləri lakonik çatdırmaq lazımdır. Səsimi yüksəldəndə anlayırlar".

 

Təcrübəli mütəxəssis bir gün İtaliyaya qayıtmaq istədiyini sözlərinə əlavə edib: "Bu illərdə İtaliyada çalışmaq variantım olmadığı üçün ora qayıtmaq istərdim. İtaliya futbolunun tarixi Moldova və Azərbaycandan daha zəngindir. Ancaq mənim "Neftçi" ilə iki illik müqaviləm var".

 

Futbolçu karyerasında "Napoli"də oynamış Bordin sabiq komandasını Avropa Liqasının finalında görmək istədiyini bildirib: "Neapolda gözəl xatirələrim var. Çiro Ferraranın kapitanlıq bazubəndini daşımasını, Di Kanionun qolu ilə UEFA Kubokuna vəsiqə qazanmağımızı xatırlayıram. Onlarla dostluq münasibətindəyəm. "Napoli"də kapitanlıq bazubəndi mənə həvalə edilmişdi və bunu gözəl xatirə kimi yadda saxlayıram. Bu, xoşbəxtlikdir. Bu il Avropa Liqasının finalı Bakıda keçiriləcək. Ümid edirəm ki, "Napoli" qalib olacaq".

Xəbər xətti