U-16 Liqası: "Qəbələ" çempion!

Dünən U-16 Liqasında 23-cü tura yekun vuruldu. «Qəbələ» çempionatın başa çatmasına 3 tur qalmış çempionluğunu rəsmiləşdirdi. Bu işdə «Qəbələ»yə ən yaxın izləyicisi «Sabah» da «kömək» etdi. «Sumqayıt»ın müqavimətini qıra bilməyən «Sabah»ın liderlə xal fərqi 9-a yüksəldi. Komanda qalan 3 turda maksimum xal toplasa, «Qəbələ» isə bütün oyunlarda məğlub olsa belə, şəxsi görüşlərdəki nəticələrə görə «Qəbələ» öndədir. Belə ki, əyalət təmsilçisi «Sabah»la hər iki oyunda qalib gəlib – 1:0, 2:1.

 

Bu tur eyni zamanda bürünc medalların sahibinin müəyyənləşməsi baxımından da çox əhəmiyyətli idi. «Keşlə» özündən 1 xal az toplayan «Səbail»i səfərdə 1:0 hesabı ilə məğlub edərək 3-cü pillədəki yerini qorudu. İndi «Keşlə» Gəncə TİM-lə heç-heçə edən və 4-cü yerdə qərarlaşan «Neftçi»dən 3 xal öndədir. Bu iki komandanın şəxsi oyunlarında «Keşlə» öndə olduğu üçün (2:0, 0:1) qalan 3 oyunun ikinsində qazanılacaq qələbə bürünc üçün yetərlidir. Üstəlik, əgər «Keşlə» hər 3 oyunda qalib gələrsə (növbəti oyun «Sabah»ladı), çempionatı 2-ci pillədə bitirəcək.

 

Ümumiyyətlə, bu tur sensasiya baxımından çox məhsuldar oldu. «Neftçi» ilə «Sabah»dan başqa «Qarabağ»da gözlənilmədən həftəni qələbəsiz başa vurdu. «Qarabağ» Tovuzda autsayder mövqeyində qərarlaşan «Turan Tovuz»a məğlub oldu. 

 

«Turan Tovuz» - «Qarabağ» 0:1
Qol
: Sənan Aslanov, 40

 

Sonuncu dəfə 5-ci turda ROİL-i məğlub edən, 2-ci dövrədə keçirdiyi oyunlarda cəmi 1 xal toplayan və 9 oyunda 1 qol belə vura bilməyən «Turan Tovuz» uğursuz seriyayaları «Qarabağ»la oyunda qırdı. Vurulan 1 qol həm də komandaya 3 xal qazandırdı. Qonaqların üstünlüyü şəraitində keçən qarşılaşmada çoxsaylı təhlükəli vəziyyətlərə baxmayaraq, «Turan Tovuz» qapısını toxunulmaz saxlaya bildi. Qələbə topu isə birinci hissənin sonuncu dəqiqəsində gəldi. Cahid Nuruyevin künc zərbəsindən qapı önünə göndərdiyi topu Sənan Aslanov tora qovuşdurdu.

 

«Turan Tovuz»un baş məşqçisi Nizami Ocaqverdiyev qonaqların heyətində ən yaxşı futbolçu kimi Nəriman Axundzadəninin, «Qarabağ»ın baş məşqçisi Asif Əlizadə isə «Turan Tovuz»dan Sənan Aslanovla Talıb Bayramovun adını çəkdi.

 

«Neftçi» İK İB – «Zirə» 0:3
Qollar
: Elnur Mirzəyev, 19 (pen.); Vüsal Əliyev, 60, 80+3

 

«Zirə» çətin Lökbatan səfərində 3 xalı 3 qolla qazandı. Qonaqların üstünlüyü ilə keçən oyunda hesab 19-cu dəqiqədə açıldı. Əllə oyuna görə təyin olunan penaltini Elnur Mirzəyev dəqiq yerinə yetirdi. Qol epizodları ilə bol olan birinci hissədə fərqlənən tapılmayınca, komandalar fasiləyə «Zirə»nin minimal üstünlüyü ilə yollandılar. 

 

Fasilədən sonra da meydanda üstün oyun nümayiş etdirən «Zirə» ikinci qolu 60-cı dəqiqədə vurdu. Oyuna sonradan qoşulan Vüsal Əliyev Məhəmməd Səfərovdan aldığı ötürməni məntiqi sonluqla tamamladı. Vüsal ikinci dəfə matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə fərqləndi. Mahmud Ağayevdən əla ötürmə alan Əliyev eyni zamanda matçın yekun nəticəsini müəyyənləşdirdi.

 

«Neftçi» İK İB-nin baş məşqçisi Ramin Babayev «Zirə»dən qapıçı Uğur İbrahimovla Vüsal Əliyevin oyununu bəyəndiyini söylədi. «Zirə»nin baş məşqçisi Cəfər Hüseynovun da meydan sahiblərindən seçdiyi futbolçular arasında qapıçı var. Qonaqların çalışdırıcısı Murad Məmmədovla yanaşı Ayxan Rəcizadənin də digərlərindən fərqləndiyini söylədi.

 

«Neftçi» - Gəncə TİM 0:0

 

Bürünc medallara iddialı «Neftçi» Gəncə TİM-lə oyunda vacib 2 xal itirdi. Əsasən «Neftçi»nin üstünlüyü ilə keçən qarşılaşmada hər iki komandanın fərqlənmək üçün kifayət qədər imkanları olsa da, oyunda qol səsi çıxmadı. Heç-heçəyə rəğmən «Neftçi» 4-cü yerdəki mövqeyini qorudu. İndi Mirbağır İsayevin komandasını «Keşlə»dən 3 xal ayırır. «Keşlə» qalan 3 oyunun ikisində xal itirməlidir ki, «Neftçi» çempionatı 3-cü pillədə tamamlasın. Təbii ki, 3 oyunda qalib gəlməklə.

 

«Neftçi»nin baş məşqçisi Mirbağır İsayev Gəncə TİM-in heyətində Ümid Səmədovla Orxan Rüstəmovun oyununu bəyəndiyini söylədi. Gəncəlilərin baş məşqçisi İlham Səmədov isə «Neftçi»dən Tural Axverdiyevlə Nihad Cəfərovu seçdi.

 

«Viləş» - ROİL 2:1
Qollar
: Bəhmən İbadov, 4 (pen.); Tosif İbişov, 40 – İsmayıl Abdiyev, 72

 

Autsayderlə oyunda qələbəyə köklənən «Viləş» matçın taleyini birinci hissədə həll etdi. Ərazi üstünlüyünə malik olan masallılılar hesabı 4-cü dəqiqədə açdılar. Samir Əliyevə qarşı kobudluğa görə təyin olunan penaltini Bəhmən İbadov dəqiq yerinə yetirdi. «Viləş» fasiləyə kimi daha bir neçə epizodda qol vurmağa yaxın olsa da, istəyinə yalnız 1-ci hissənin sonuncu dəqiqəsəində çatdı. Rəqibin müdafiə xətti ilə qapıçı arasında yaşanan anlaşmazlıqdan istifadə edən Tosif İbişov qonaqların hədiyyəsindən imtina etmədi – 2:0.

 

Fasilədən sonra daha çox müdafiəyə fikir verən «Viləş» matçın sonlarına doğru qapısında qol gördü. Sehran Abbasovdan ötürmə alan İsmayıl Abdiyev prestij qol vurdu. 

 

«Viləş»in baş məşqçisi Kənan Seyfullayev Sehran Abbasovu, onun həmkarı Samir Əliyev isə Bəhmən İbadovu rəqib komandanın ən yaxşı futbolçusu kimi göstərdi.

 

İsgəndər Cavadov BFA - «Qəbələ» 0:6
Qollar:
Anar Tağıyev, 3, 46; Mehrac Baxşəliyev, 40, 80+3; Kənan Qaragözov, 80+1; Taleh Qarayev, 80+5

 

Zəif rəqiblə səfər oyununda asan qələbə qazanan «Qəbələ» xal ehtiyatını 61-ə yüksəltdi. Bu matçdan 2 saat sonra başa çatan «Sabah» - «Sumqayıt» oyunun nəticəsi məlum olan kimi isə «Qəbələ»nin çempionluğu rəsmiləşdi. Başda komandanın baş məşqçisi Xaqani Məmmədov olmaqla «Qəbələ»li futbolçuları çempionluq münasibətilə təbrik edirik!

 

Oyunla bağlı qısaca onu deyə bilərik ki, vurulan 6 qolun 3-ü hakimin matçın əsas vaxtına əlavə etdiyi dəqiqələrdə gəldi. Bundan başqa «Qəbələ»nin futbolçusu Mehrac Baxşəliyev dubl etməklə bombardirlər yarışında «Səbail»li Rauf Ağasənovu keçdi. İndi Mehracın aktivində 29 qol var və Raufu 2 top qabaqlayır.

 

«Sabah» - «Sumqayıt» 1:1
Qollar
: Şahin Kərimli, 40 – İlkin Kərimli, 68

 

21-ci turda çempionluq uğrunda «Qəbələ»dən ağır zərbə alan «Sabah» deyəsən, kökdən düşüb. Ötən tur «Zirə» ilə heç-heçə oynayan son çempion bu həftə də «Sumqayıt»la oyunda 1 xala qane oldu. Hərçənd «Zirə» ilə matçda olduğu kimi bu dəfə də «Sabah» qələbəni son dəqiqələrdə buraxdığı qolla əldən verdi. 
«Sabah» hesabı 1-ci hissə başa çatar-çatmaz vurdu. Rəqibin hücumunun qarşısını alan qapıçı Kamran Şabıyev topu uzun ötürmə ilə meydanın mərkəzində qalan Şahin Kərimliyə göndərli. Qapıçı ilə təkbətək çıxan Şahin komandasını hesabda irəli çıxardı. 

 

«Sumqayıt»ın cavabı 68-ci dəqiqədə gəldi. Uğur Nağıyev İlkin Kərimlini Kamran Şabıyevlə üz-üzə qoydu və İlkin dəqiq zərbə ilə komandasını məğlubiyyətdən xilas etdi.

 

Bu oyunun ən yaxşıları «Sabah»dan Şahin Kərimli ilə «Sumqayıt»dan Sərvin İsmayılov seçildilər. Əlbəttə, baş məşqçilər İlqar Mənsimov və Vaqif Paşayev tərəfindən.

 

«Səbail» - «Keşlə» 0:1
Qol
: Vaqif Həsənov, 69

 

Turun mərkəzi oyununda bürünc medalların tğaleyinə böyük ölçüdə aydınlıq gəlməli idi. «Neftçi»Gəncə TİM-lə oyunda qalib gələ bilməməsi hər 2 komandaya əlavə motivasiya vermişdi. «6 xallıq oyun»da qələbə qazanan tərəf məqsədinə xeyli yaxınlaşmış olacaqdı…

 

Qarşılaşmanın 1-ci hissəsi qol epizodları baxımından həddən artıq kasad oldu. 19-cu dəqiqədə Kamal Kazımovun cinah ötürməsindən sonra qapı önündə baxımsız qalmış Əbil Əbilova topa toxunmaq qalırdı ki, top Əbilin ayağına oturmadı. «Səbail» isə yalnız hissənin sonuna doğru təhlükəli həmlə ilə yadda qaldı. Cərimə meydançasının həndəvərində topu ələ keçirən Nicat Quliyev irəliləmək əvəzinə uzaqdan zərbə vurmağa üstünlük verdi ki, o da zəif alındı. Əgər Nicat bir qədər də irəliləsə idi, «Keşlə»nin qapısı önündə daha təhlükəli vəziyyət yarana bilərdi.

 

Fasilədən sonra oyunda bir qədər canlanma yarandı. Qarşılıqlı hücumlar, təhlükəli həmlələr, qol epizodları… Belə epizodların birində «Keşlə» istəyinə çatdı. Elşən Məmmədovun cinah ötürməsindən sonra top Əbil Əbilova çatdı. Əbil isə öz növbəsində bir toxunuşla Vaqif Həsənovu zərbə mövqeyinə çıxardı. «Duqa»dan vurulan zərbə qarşısıalınmaz oldu.

 

Matçın qalan dəqiqələrində hər iki komanda nə qədər çalışsa da, hesab dəyişmədi. Bu isə «Keşlə»yə sərf edirdi.

 

«Səbail»in baş məşqçisi Nazim Əliyev «Keşlə»dən daha çox müdafiəçi Rəşad Həsənovla hücumçu Vaqif Həsənovu bəyəndiyini söylədi. «Keşlə»nin baş məşqçisi Xəyal Mustafayev isə «Səbail»dən Elməddin Qurbanlı ilə Rauf Ağasənovu rəqibin ən yaxşısı kimi qələmə verdi.

 

U-16 Liqasında 24-cü turun oyunları aprelin 4-də keçiriləcək: «Qarabağ» - «Səbail», «Keşlə» - «Sabah», «Sumqayıt» - «Neftçi» İK İB, «Zirə» - İsgəndər Cavadov BFA, «Qəbələ» - «Viləş», ROİL – «Neftçi», Gəncə TİM – «Turan Tovuz».

 

Bombardirlər: Mehraç Baxışəliyev («Qəbələ») – 28 qol, Rauf Ağasənov («Səbail») – 26 qol, Vaqif Həsənov («Keşlə») – 19 qol.

 

«Het-trik news» qəzeti

 

Tarix: 29 Mart [00:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Oktyabr 2019
14  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio