“Çayxanadan birini tut gətir, yığmamızın şansını ən az dəyərləndirəcək”

09:00 - 9 Aprel 2019

Aslan Kərimov xeyli müddət idi "CBC Sport"da ekspert kimi fəaliyyət göstərirdi.

 

Sportal.az xəbər verir ki, o, "Bizim futbol"da fikirlərini dilə gətirirdisə, bəzən başqa verilişlərdə də görünürdü.

 

Amma telekanal artıq sabiq yığma üzvü ilə işbirliyinə xitam verib. Gəzən söz-söhbət belədi ki, Kərimovun "CBC Sport"dan ayrılmasının səbəbi yığma haqda səsləndirdiyi fikirlər olub.

 

Deyilənə görə, Aslan bəyin millinin yer aldığı qrupdan çıxmaq ehtimalının olmasına inanmağı ağılsızlıq sayması ayrılığın əsas səbəbidi.

 

Məlum olduğu kimi, AFFA hər zaman hədəfin AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaq olduğunu açıqlayır.

 

Deyilənlər doğrudusa, bu o deməkdi ki, Aslan bəy assosiasiya rəhbərliyinin fikirlərini qeyri-ciddi qəbul edir.

 

Belədə "CBC Sport"a təsir gücündən yararlanan assosiasiya Kərimovun ekspert kimi fəaliyyətinə son verilməsinə nail olub.

 

Bütün bunların nə dərəcədə doğru olub-olmadığını Aslan bəyin özüylə dəqiqləşdirmək qərarına gəldik (Futbol+).

 

Öncə sabiq yığma üzvündən telekanaldan ayrılmasının səbəbini soruşduq:

 

"Telekanal rəhbərliyi çağırdı, oturub danışdıq. Bildirdilər ki, format dəyişdirilir, yeni formata keçirik.

 

Çempionatın sonuna yaxın hər dəfə bir qonağı çağırmaq istəyirik ki, fərqli fikirlər səslənsin. Onsuz da müqaviləmin müddəti apreldə bitirdi.

 

Səhv etmirəmsə, aramızdakı anlaşma martın sonunda başa çatırdı. Onu bilirəm ki, hər dəfə mart-aprel aylarında yeni müqavilə bağlayırdıq.

 

Bu dəfə isə həm reytinq yüksəlsin, həm də verilişdə fərqli fikirlər səslənsin deyə ayrılmalı olduq. Mən də bu durumda bir söz deyə bilməzdim. Gülərüzlə sağollaşdıq.

 

Bununla belə, həm Volkan bəyin, həm də ordakı uşaqların sözləri belə oldu ki, növbəti mövsümlərdə hansısa başqa formatda veriliş çəkəsi olsaq, sənə müraciət edə bilərikmi? Mən də dedim ki, problem deyil.

 

Onlar yenə də mənim dostlarım olaraq qalırlar. Maliyyə baxımından hansısa anlaşılmazlığımız da olmayıb. Mətbautda bir az şişirdilmiş məbləğ yazılır.

 

Düzü, nə qədər aldığımı söyləməyəcəm. Ancaq onu deyə bilərəm ki, 2 min manat şişirdilmiş rəqəmdi. Maddiyyatla bağlı orda heç bir problemimiz olmayıb”. 

 

Kərimov yığma haqda səsləndirdiyi fikirləri belə izah etdi: “Litva ilə oyunu nəzərdə tuturlarsa, ümumiyyətlə, mən o matçla bağlı efirdə olmamışam.

 

Xorvatiya ilə oyunöncəsi efirdə olmuşam və bu rəqibə qarşı bizim komandanın şansının olmadığını demişəm.

 

Daha çox AFFA rəhbərliyinin mənim çıxarılmağımı istədiyini deyirlər. Açığı, bunun hardan gələn məlumat olduğunu da bilmirəm.

 

İnanmıram ki, millini tənqid etdiyim üçün Elxan müəllim “onu telekanaldan uzaqlaşdırın” desin. Çünki Xorvatiyaya uduzmağımız normal haldı...

 

“Ağılsızlıq olar” deməmişəm. Onu demişəm ki, bu qrupdan çıxmağı düşünmək sadəlövhlükdü. Doğrudu, mən nəzəri baxımdan danışıram.

 

Ola bilər, kimisə uda bilərik. Tutaq ki, Almaniyaya qarşı oynayırsan və nə vaxtsa bəxtin gətirər, onların topları 5 dəfə dirəkdən dönər və qalib gələrsən.

 

Ancaq ardıcıl olaraq, biz elə bir sabitliyə malik deyilik. Nə qədər desək də, özümüzü aldatmalı deyilik.

 

“Biz Xorvatiya, Uels, Slovakiya millisindən öndəyik” deməyimiz gülünc görünür. Bu, mənim şəxsi fikrimdi.

 

Özü də AFFA rəhbərliyinin məsələyə bu düşüncə ilə yanaşan adamlara qarşı hansısa qərəzli mövqeyi heç vaxt olmayıb.

 

Dəfələrlə federasiyada hansısa məsələ ilə bağlı müzakirə-mübahisələrimiz yaranıb. Haqlı və ya haqsız olduğumuz məsələlər də olub.

 

Ancaq bundan sonra özümüzə qarşı hansısa qərəz görməmişəm. Çəkişmişik, mübahisə etmişik, lakin heç vaxt ona görə işimizi itirməyimiz, maaşımızın azalması kimi durumlarla qarşılaşmamışıq.

 

Bundan öncə hansısa qrupdan çıxmağımız bəlkə də mümkün ola bilərdi. Mən ekspert kimi danışıram.

 

Amma AFFA rəhbərliyinin də “yox, bu qrupdan çıxa bilmərik” deməsi də doğru olmaz. Onu da başa düşürəm. Amma futbol ictimaiyyəti, məşqçilik prizmasından bu qrupdan çıxacağımızı real saymıram.

 

Bizim bu qrupda hansı şanslara malik olduğumuzu demək üçün futbol mütəxəssisi olmağa ehtiyac yoxdu.

 

Çayxanadan birini tut gətir, yığmamızın şansını ən az dəyərləndirəcək. Bunu da demək təəccüblü olmamalıdı”.


Bəlkə Aslan bəyin mükafatla bağlı düşüncələri narazılıq yaradıb? Kərimovu dinləyək: “Düzdü, futbolçu millidə mükafata görə oynamır.

 

Ancaq rəhbərlik tərəfindən sənin əziyyətinin qarşılığında mükafat, eyni zamanda stimullaşdırma varsa, niyə də olmasın?!

 

Bu baxımdan mükafat məsələsinin çox da dərininə getmək istəmirəm. Bəlkə də hansısa imkanı aşağı olan ailənin yanında bunu danışmaq düzgün deyil.

 

Amma futbol baxımından götürsək və özüm də bu əziyyəti çəkən bir insan kimi normal sayıram”. 


Belə informasiya dolaşır ki, sabiq yığma üzvü məşqçi kurslarından da uzaqlaşdırılıb. Bunun da nə dərəcədə doğru olub-olmadığını öyrəndik:

 

“Bu situasiyalara dəfələrlə düşmüşük. Federasiyada iş prinsipi olaraq müxtəlif mübahisələrimiz olub.

 

Bəzi hallarda haqlı, bəzi hallarda isə haqsız olmuşuq. Ancaq bunun nəticəsində işimdə mənə qarşı hansısa qərəzin olduğunu görməmişəm.

 

Ona görə də bu cür məsələlərdə də, inanmıram ki, federasiya məni məşqçilik kurslarından hansısa mübahisəyə görə uzaqlaşdırsınlar.

 

Hazırda qarşıda məşqçi kursu yoxdu. Ancaq əlavələr olacaq. Çempionatın sonu və Avroliqanın qarşıdakı finalına görə yeni kurslara yayda başlayacağıq.

 

Dediyim kimi, əvvəlcədən yazırıq ki, məsələn, aprel ayında əlavə olacaq və baş katib də təsdiqləyir. Biz də yazmışıq, artıq baş katib də təsdiqləyib”. 

Xəbər xətti