Rəşad Qasımov ifadə verdi: Cahangir Hacıyevin 4,7 milyardlıq işi

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Sportal.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bakının “İnter” klubunun prezidenti olmuş Rəşad Qasımov ifadə verib.

 

1994-cü ildən Azərbaycan Beynəlxalq Bankında çalışdığını deyən Rəşad Qasımov bildirib ki, bankın mühasibat uçotu və nəzarət departamentinin direktoru olub. 2015-ci ildə- "Beynəlxalq Bank əməliyyatı"ndan sonra isə işdən ayrılıb.

 

Rəşad Qasımov bankda çalışdığı müddətdə "İnter" futbol klubunun rəhbəri olduğunu da deyib.

 

Şahid əsasən klubun işləri ilə məşğul olduğu üçün kreditlərin verilməsində yaxından iştirak etmədiyini deyib.

 

"Kredit Komitəsinin üzvü idim, amma iclaslarda iştirak etməmişəm. Sonradan qərarlara imza çəkmişəm. Bankdan kredit götürən şirkətlərin işi ilə maraqlanmırdım. Bu mənim işim deyildi. "İnter" klubunun rəhbəri olduğum dövrlərdə bankdan sosial layihələrlə bağlı kredit götürülməyib".

 

Rəşad Qasımovun məhkəmədəki ifadəsi ilə istintaqdakı ifadəsi arasında ziddiyyət olub. Buna görə də onun istintaqa ifadəsi elan edilib.

 

Şahid istintaqdakı ifadəsində "Buta Kichin" şirkəti üçün bankdan bir neçə dəfəyə 163 milyon dollar kredit ayrıldığını, bu göstərişi də Cahangir Hacıyevin verdiyini deyib.

 

Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

 

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

 

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib (musavat.com).

Tarix: 22 Aprel [17:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2019
23  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio