Aqil Nəbiyev: “APOEL-i kiçiltmək lazım deyil” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu, baş məşqçi kimi "Şüvəlan"a I Dvizionda bürünc medal qazandıran Aqil Nəbiyev Sportal.az saytına müsahibə verib.
 
37 yaşlı mütəxəssis Azərbaycanı Avropa Kuboklarında təmsil edən "Qarabağ" və "Nefçi"nin cavab matçları barədə fikirlərini bölüşüb.
 
- Yeni mövsüm məşqçi kimi çalışacaqsınız?
- Yaxın 10 gündə nəsə ola bilər. Divizionda çalışmayacam. Təkliflər var idi, amma başqa düşüncələrim var. Hələ ki, məsələ dəqiq deyil, ona görə də ətraflı məlumat verə bilmirəm.
 
- "Qarabağ" bu gün Çempionlar Liqasında APOEL-i qəbul edəcək. İlk oyunda qalib gələn "Qarabağ"ın pley-offa yüksələcəyinə inanırsınız?
- Təbii ki, “Qarabağ” səfərdən sərfəli nəticə ilə dönüb. Komanda evdə oynayacaq. Artıq ağdamlıların Avropa Kuboklarında böyük təcrübəsi var. Neçə illərdir ki, “Qarabağ” qrup mərhələlərində çıxış edir. Komanda stabil futbol oynayır. Ancaq APOEL-i kiçiltmək lazım deyil. Səfərdəki nəticə bizi aldatmasın. Təbii ki, baş məşqçi də bu barədə futbolçularla danışıb. İnanıram ki, sərfəli nəticə ilə mərhələni keçən tərəf “Qarabağ” olar.
 
- APOEL-də baş məşqçi dəyişikliyi oldu. Bu, “Qarabağ”ın oyun planına nə dərəcədə təsir edə bilər?
- Qurban Qurbanov əvvəlki baş məşqçinin sistemini, oyun planını izləmişdi. İndi yeni almaniyalı baş məşqçinin hansı sistemə və heyətə güvənəcəyi müəyyən deyil. Bu da rəqib üçün bir üstünlük ola bilər. Ancaq “Qarabağ” komanda şəklində oynayıb, mərhələ keçən tərəf olar. Biz buna inanırıq.
 
- APOEL açıq futbol təklif edəcək. Üstünlüyü olan “Qarabağ” necə oynamalıdır?
- “Qarabağ”ın öz dəst-xətti var. Komanda 90 faiz eyni sistemdə oynayır, bəzən dəyişiklik olur. Futbolçular da təcrübəlidir. Avropa Liqası və Çempionlar Liqasında təcrübə yığıblar. Yeni transferlər də komandaya tez uyğunlaşıb. Bu da baş məşqçinin futbolçuları necə motivasiya etdiyini göstərir. Qurban Qurbanov bunun öhdəsindən layiqli şəkildə gəlir. Ancaq komandanın necə sistemlə oynayacağını baş məşqçi müəyyənləşdirəcək. İnanmıram ki, Qurban Qurbanov sistem dəyişikliyi etsin. “Qarabağ” öz sistemi ilə oynayıb, mərhələni keçən tərəf olacaq.
 
- “Qarabağ” pley-offa yüksəlsə, “Ayaks”la üz-üzə gələ bilər. Bu komandaların rəqib olacağına inanırsınız?
- Təbii ki, biz buna inanırıq. Həm də “Neftçi”yə də inanırıq. İnşallah, “Qarabağ” Çempionlar Liqasının pley-offuna yüksəlməyi bacarar. 90 faiz pley-offdakı rəqib Hollandiya klubu olacaq. “Ayaks”ın Bakıya gəlməsi böyük hadisə olacaq. Rəqibdən də çəkinmək lazım deyil. “Ayaks” ötən mövsüm Çempionlar Liqasının ən yaxşı klublarından biri idi. Əsas bu oyunu düşünmək lazımdır. APOEL səddini keçdikdən sonra “Ayaks”ı fikirləşməyə dəyər.
 
- “Neftçi” Avropa Liqasında evdə “Bney Yehuda” ilə 2:2 hesablı heç-heçə etdi. Cavab matçında şansları necə hesab edirsiniz?
- Mən sizə deyim ki, rəqib Bakıda ağıllı taktika seçmişdi. Boşluqlar axtarırdılar. Az-az “Neftçi”nin qapısına gəlirdilər. Müdafiəçilərin iki səhvi qolla nəticələndi. İstədikləri nəticəni qazandılar. Ancaq “Neftçi”nin 0:2-dən hesabı bərabərləşdirməsi də böyük şeydir. “Neftçi”nin təslim olmaq istəməməsi, sona qədər mübarizə aparması cavab matçına böyük ümid verir. Futboldur, hər şey mümkündür. İsrail klubu burda iki qol vurursa, niyə də “Neftçi” səfərdə qalib gəlməsin?  Komanda bu il pis təsir bağışlamır. Baş məşqçinin işi də xoşuma gəlir, futbolçular da oyuna yaxşı hazırlaşır. İnanıram ki, səfərdə sərfəli nəticə qazanılacaq.
 
- “Neftçi”nin oyuna arxayın şəkildə çıxdığını düşünənlər də var.
- Mən bu fikirlə razı deyiləm. Komanda gözləmədiyi halda qollar buraxdı. Rəqib az hücum edirdi. Ağllı sistem və taktika seçmişdilər. Lazım olan vaxtda hücuma keçirdilər. Sərfəli nəticə qazandılar. Ancaq “Neftçi”nin əzmkar heç-heçəsi cavab matçı üçün ümid verir.
 
- “Neftçi” oyun başlayan kimi hücuma atıldı, qol vurmaq üçün tələsdi. “Ağ-qaralar” cavab görüşündə necə oynamalıdır?
- Bəli, amma ola bilər ki, bu, baş məşqçinin istəyindən olmayıb. Bəlkə də, belə oynamağı tapşırmışdı. Evdə qollar buraxmaq mənfi amildir. Məncə, “Neftçi” cavab görüşündə qapalı futbola üstünlük verib, əks-hücumlarda oynayacaq. Rəqibi bu şəkildə cəzalandırmaq olar. Çünki İsrail klubu qol vurmağı bacarmaqla yanaşı, top buraxan komandadır. Rəqib də qapalı oyunu seçəcək. Çünki bu nəticə onlara sərf edir. Amma “Qarabağ”ın qonağı olacaq APOEL isə kəşfiyyat xarakteri daşıyan dəqiqələrdən sonra açıq futbol nümayiş etdirməyə məcbur olacaq. İlk 15 dəqiqədən sonra onlar qollar vurmaq üçün irəli atılacaq. “Neftçi” inanıram ki, tələsməyəcək, əks-hücumda rəqibi yaxalayıb, qol vuracaq.

 

Mehman Əşrəfov

Tarix: 13 Avqust [15:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Oktyabr 2019
14  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio