Roberto Bordin: "Çətin vəziyyətə düşmüşük"

Azərbaycan Premyer Liqasında II turun “Zirə” – “Neftçi” (1:0) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırdı.
 
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:
 
- Bu oyunu təhlil etmək lazımdı. Hər iki hissədə rəqibə bir hücum imkanı yaratdıq, onlardan biri də qola çevrildi. Qoldan əvvəl Baqali Dabonun, Platellasın imkanları var idi, ancaq yararlana bilmədik. Çalışdıq ki, dönüş edək. Bu oyuna nəzər yetirsək, əvvəlki matçdan fərqli olaraq komandam daha istəkli, xarakterli idi. Çünki ilk dəqiqələrdən qələbə üçün gəldiklərini göstərdilər. Ola bilsin bəxtsizlik də oldu. Sonlandırmada problemlərimiz var. Təhlükəli vəziyyətlər yaratsaq da, qola çevirə bilmirik. Bunun üzərində çalışmalıyıq. Çətin vəziyyətə düşmüşük, ancaq bundan çıxmalıyıq.
 
- Baqali Dabonun ötən tur olmaması səs-küyə səbəb oldu. Bunun bu gün onun əsas heyətdə olmasına təsiri var idimi?
- Dabo ilə arada baş verən hadisə daxildə qalır. Bunu mətbuata açıqlamıram. Mənim üzərimdə heyət baxımından təzyiq yoxdu. Bu gün Dabo da bütün komanda yoldaşları kimi gözəl oyun göstərdi. 3 təhlükəli vəziyyət yaratdı. Bir neçə müddət oynamadığını nəzərə alsaq, bu gün yaxşı oyun göstərdi.
 
- Sizin üçün komandanın oyunu əsasdı, yoxsa nəticə?
- Əlbəttə nəticə. Çempion olmaq üçün vacib olan nəticədi. Oyunu analiz etməliyəm. Balans yaratmaq və vəziyyətlərə nəzarət etmək lazımdı.
 
- Oyundan sonra hakimə yaxınlaşdız. Referi ilə nə danışdız?
- Sadəcə yaxınlaşıb, sağollaşdım. Artırılmış dəqiqələri müzakirə etdik.
 
- Komandadakı psixoloji gərginliyin uzanması, sizin komandadan gedişinizə zəmin yaratmır ki?
- Onu deyə bilərəm ki, Avropa Liqasındakı məğlubiyyət və ilk turda xal itirməyimizə baxmayaraq, komanda istədiyim kimi oynadı. İndi bu barədə nəsə danışmaq istəmirəm. Gələn turlarda baxacağıq.
 
- Ömər Buludova nə üçün şans vermədiz? Avrokubokda Ömər oynayırdı, liqada Tural...
- Tək Tural deyildi. Başqa mövqelərdə də dəyişiklik etdim. Məşqlərə uyğun obyektiv dəyişiklik etməyə çalışıram.

 

Tarix: 26 Avqust [22:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2019
19  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio