İnfantino: "İranda qadınlar stadionalara buraxılmalıdır"

17:48 - 20 Sentyabr 2019

FIFA-nın prezidenti Canni İnfantino qadın azarkeşlərin İranda stadionlara buraxılmamasına münasibət bildirib.

 

Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, qurum rəsmisi İran hökumətindən müsbət addım gözlədiyini bildirib:

 

"Ümid edirəm və əminəm ki, yaxn zamanlarda İranda qadınların stadiona girişinə icazə veriləcək. Çünki bununla bağlı söz verilib. FIFA insan hüquqlarının qorunmasına, xüsusilə də qadınların stadionlara gəlməsində güclü dəstək  verir".

 

İrana səfər edən İnfantino "İstiqlal" və "Persepolis" klublarının matçını izləyib. Ancaq buna görə İtaliya əsilli isveçrəli futbol adamını tənqid ediblər. Çünki stadionda yalnız kişilər olub. Oyuna baxmaq üçün gələn 35 qadın tutulub.

 

İranın Gənclər və İdman naziri Masud Soltanifar İnfantinonun ölkə prezidenti Hassan Ruhani ilə görüşünün müsbət keçdiyini deyib:

 

"İnfantino Ruhani ilə görüşdə insanların cinslərindən asılı olmayaraq stadionlara gəlməsini və komandalarına dəstək olmaları üçün şərait yaradılmasını istədi. Ruhani bu mövzuda önəmli inkişafın ola biləcəyini deyib. FIFA İranda qadınların futboldan həzz almasını istəyir. Yəqin ki, İran məhkəməsi ilə danışıqlar aparılacaq".

 

Bir müddət əvvəl İranda xanım azarkeş Səhər Xudayari özünə od vururaq intihar etmişdi. 29 yaşlı xanım azarkeş ilin əvvəlində "İstiqlal"ın oyununa kişi paltarı geyinərək stadiona daxil olmaq istəyərkən nəzarətçilər onu yaxalamışdı. Məhkəmə proseslərində hüquqları tapdalanan qadın bezərək özünə od vuraraq canına qəsd etmişdi.

 

1979-cu ildəki İslam İnqilabından sonra İranda qadınların stadiondan oyun izləməsi qadağandır. İranda idman zallarına qadınlar buraxılmır. FIFA İran hökümətini ədalətli qərara çağırsa da, rədd cavabı alır.

Xəbər xətti