"Qarabağ", "Real" və "Milan" rəsmiləri bir qrupda - Əsgərov ECA-da sədr müavini oldu

22:22 - 13 Noyabr 2019

Azərbaycan çempionu "Qarabağ"ın baş meneceri Asif Əsgərov təmsil olunduğu Avropa Klublar Assosiasiyasında (ECA) vəzifəyə seçilib.

 

Sportal.az xəbər verir ki, bu gün ECA-nın Yarışların Təşkili və Keçirilməsi Qrupunun Milanda ilk toplantısı baş tutub. Toplantıda İşçi Qrupun sədr və müavinləri seçilib. Qrupun sədri postuna İtaliyanın məşhur "Milan" klubunun prezidenti İvan Qazidis təsdiqlənib.

 

Asif Əsgərov isə onun 3 müavinindən biri seçilib. "Qarabağ" rəsmisi ilə yanaşı "Brügge"nin baş meneceri Vinsent Mannaert və Madrid "Real"ının vitse-prezidenti Emilio Butraqenyo da adıçəkilən qrupun sədr müavinləri olub. Onların səlahiyyət müddəti qarşıdakı 4 ili əhatə edəcək.

 

Asif Əsgərov artıq iki ildir ECA-nın işçi qrupunun üzvüdür və bu, Azərbaycan futbol tarixində yeganə nümunədir.

Xəbər xətti