Vəzifə savaşı - QEYD

15:45 - 28 Yanvar 2020

AFFA-nın hesabat-seçki konfransında yaradılan yeni vəzifələrə təyinatlar rəsmiləşdi.

 

Rövnəq Abdullayev 4-cü dəfə federasiyanın prezidenti seçildi. Yeni təsis edilən icraçı vitse-prezident vəzifəsi baş katib Elxan Məmmədova, vitse-prezident postu isə Vaqif Sadıqova tapşırıldı. Elşad Nəsirovla Rauf Əliyev də vitse-prezident postunda qaldılar.

 

Yeni dəyişikliklər rəhbərlərin səlahiyyətlərini artırdı. Kiçik futbol ölkəsinin federasiyasında 4 vitse-prezident yer alıb. Lap 30 nəfər də olsa, futbolumuza nə faydası dəyəcək?

 

Vəzifə savaşında olanlar 2005-ci ildə qəbul olunan dövlət proqramının hesabatını hələ də verməyib. Həmin ayrılan böyük maliyyənin qarşılığında cüzi işlər görüldü. Yığma komandalar inkişaf etmədi, bölgə futbolunda şərait yaxşılaşmadı, uşaq futbolunda çatışmayan cəhətləri saymaqla bitməz, çempionatın səviyyəsi isə gündən-günə aşağı düşdü.

 

Gözləyirdik ki, konfransda ciddi müzakirələr olacaq, müəyyən qərarlar veriləcək. Lakin tam əksi oldu. 2019-cu ildə Azərbaycan futbolu yalnız “Qarabağ”ın Avropa Liqasının qrupuna düşməsi ilə sevinə bildi. Milli komandaların uğursuz çıxışı hamını üzdü. Uşaq futbolu, qadın futbolu və Azərbaycan çempionatlarının bərbad səviyyəsi ciddi şəkildə müzakirə edilməli idi. Bölgələrdəki futbolun acınacaqlı durumu ilə bağlı qərarlar verilməlidir. İclasda bunlar barədə müzakirə edilə bilər. Amma bunu sözdə yox, əməldə etmək lazımdır.

 

Əsas milli milli komanda 2 aya yaxındır ki, baş məşqçisiz qalıb. Dekabrın əvvəli Nikola Yurçeviç göndəriləndə namizədləri müəyyənləşdirmək və ilin sonunda yeni baş məşqçinin təyinatını açıqlamaq idi. Ötən seçmə mərhələdəki uğursuzluq və gecikmiş baş məşqçi qərarı görünür, federasiyaya təsir etməyib. Milli komanda unudulub, vəzifə bölgüsü edirlər.

 

Azərbaycan futbolunda vəziyyət acınacaqlı durumda olduğu halda federasiydakı məmurların səlahiyyəti genişlənir. Bu insanlardan Azərbaycan futbolunu uçuruma yuvarlatdıqları üçün hesabat istənilməlidir.

 

İndiki qurum rəhbərləri uzun illərdir ölkə futbolunu inkişaf etdirməyi bacarmırlar. Dəyişikliklərin vacib olduğu vaxtda daha bir müddət itirəcəyik. Bu qədər uğursuzluqların olduğu halda AFFA-dakı məmurlardan biri məsuliyyəti üzərinə götürmür.

 

Ölkə futbolu yenə də xalqı talayanların şəxsi biznesi olaraq qalacaq. Vəzifə bölgüsü edənlər planlarına davam edəcək.

 

Açıq-aşkar görünür ki, federasiya rəhbərləri futbolu inkişaf etdirməyi bacarmırlar və qurumda ciddi dəyişikliklər reallaşmalıdır.

 

AFFA-dakı idarəçilərin əksəriyyəti uğursuz kadrlardır. Ölkə futbolunun acınacaqlı durumu bunun bariz sübutudur.

 

Mehman Əşrəfov

Xəbər xətti