Orxan Məmmədov: "Zirə"nin əsas məqsədi avrokuboklara düşməkdir" - MÜSAHİBƏ

“Zirə” futbol klubunun fəxri prezidenti Orxan Məmmədov oxu.az-a müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir: 

 

– Əvvəla ondan başlayaq ki, mətbuata qapalı insansınız. Niyə mətbuata çox çıxmırsınız?

– Düzdür, mətbuatda çox çıxışım olmayıb. Amma bir neçə ay əvvəl mətbuatda futbolla bağlı fikirlərim yer almışdı. Jurnalistlərə çox açıqlama verməsəm də, daim futboldayam və öz komandamla maraqlanıram. Klubun idarəçiliyin içərisindəyəm.

 

– Komandanız son turda öz meydanında “Qarabağ”a 0:6 hesabı ilə uduzdu. Hazırda “Zirə” 20 xalla V sırada qərarlaşıb. Komandanızın hazırkı durumunu necə dəyərləndirirsiniz?

– Məşqçi dəyişikliyindən sonra komandamızın çıxışını qənaətbəxş hesab edirəm. Düzdür, problemlər var. Sonuncu matçdakı nəticə bizi qane edə bilməz. Görünür, komandada nizam-intizamla bağlı bir az problem var. Xüsusilə son oyunlarda aldığımız qırmızı vərəqələr mənfi haldır. Artıq baş məşqçimizə də bu barədə göstəriş vermişəm. Bu məsələ tənzimlənməlidir. Məqsədimiz isə avrokuboklara düşməkdir.

 

– Qırmızı vərəqələrlə bağlı sərt qərar qəbul olundumu?

– Əlbəttə ki, ən sərt qərar AFFA tərəfindən qəbul olundu. Hesab edirəm ki, hər kəs bundan nəticə çıxarmalıdır. Biz də klub daxilində müəyyən addımlar atdıq.

 

– Ötən ilin iyulundan “Zirə” klubunda prezident vəzifəsi boşdur. Bu vəzifəyə yeni təyinat nəzərdə tutulurmu?

– Ümumiyyətlə, klubun strukturunu dəyişmək barədə düşünürük. Bu struktur Müşahidə Şurası və ya digər formada ola bilər. Hələ bu barədə yekun qərar verməmişik. Bu barədə düşünürük. Amma klubun icraçı direktoru var. Bütün icra işləri ilə o məşğul olur. Mən də klubun fəxri prezidenti olaraq tapşırıqlarımı, göstərişlərimi verirəm. Yəni, hüquqi cəhətdən prezident vəzifəsi boşdur, amma icra baxımından heç bir problem yoxdur və işlər öz axarı ilə gedir.

 

– Klubun sabiq prezidenti Natiq İsmayılovun istefasına nə səbəb oldu?

– O 2015-ci ildən bizimlə çalışırdı. Sırf şəxsi işləri ilə əlaqədar olaraq klubu tərk etmək istədiyini bildirdi. Buna görə də onun ayrılmaq istəyinə müsbət yanaşdıq.

 

– Avrokubok şanslarınızı necə dəyərləndirirsiniz?

– Əsas məqsədimiz avrokuboklarda iştirakdır. “Qarabağ” və “Neftçi”dən başqa, digər komandaların da, eləcə də bizim avrokuboklara düşmək şansımız var.

 

– Siz həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyində İdarə Heyətinin sədrisiniz. Kiçik və orta biznesdə sahibkarların futbola marağını necə qiymətləndirirsiniz?

– Əlbəttə, bu gün futbola sahibkarların marağı həddindən artıq azdır. Bunun da əsas səbəbi stadionlara çox sayda azarkeşlərin gəlməməsi, yerli çempionat oyunlarına marağın olmamasıdır. Sahibkarların marağı məhz həmin insanlardır. Həmin insanlar yoxdursa, onlar da maraq göstərmir. Çünki onlar öz məhsullarını satmaq istəyir. İnsanlar olmadıqda, bu məhsullar da satılmır. Məhz AFFA ilə birgə keçirdiyimiz tədbirin mahiyyəti də ondan ibarətdir ki, AVRO-2020 ilə bağlı ölkəmizə çoxlu insan gələcək. Yarış zamanı da sahibkarların məhsullarını satışa çıxarmaq imkanı olacaq. Hazırda AFFA ilə bu yöndə çalışırıq ki, tək AVRO-2020-də yox, millinin və Azərbaycan Premyer Liqasının oyunlarında azarkeşlər çoxalsın. Belə olduğu halda, biz də sahibkarları bu oyunlar üçün cəlb edə biləcəyik.

Tarix: 19 Fevral [14:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Aprel 2020
3  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio