“Turan”ın əlçatmaz, “Olimpik”in təhlükədə olan rekordu - statistika

Azərbaycan Premyer Liqasının koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümü “Qarabağ”ın müdafiədəki etibarlı oyunu ilə diqqət çəkir.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, yarışın lideri keçirdiyi 20 matçda cəmi 7 top buraxıb. 1992-ci ildən keçirilən çempionatın tarixinə nəzər salsaq, bu, heç də ən yaxşı nəticə deyil.

 

Ən az qol buraxmaqda mütləq rekord “Turan”a məxsusdur. Tovuz klubu 1993-cü ildə cəmi 5 qol buraxıb. Hərəyə 7 dəfə topu qapısında görən “Neftçi” və “Olimpik” (sonrakı “Şüvəlan”) ikinci göstəriciyə şərikdir. “Qarabağ”in indiki nəticəsi ikinciliyə şərik olmaq imkanı verir. Lakin bu şansdan yararlanmaq üçün ağdamlılar mövsümün bərpasından sonra qol buraxmamalıdır.

 

Azərbaycan çempionatında mövsüm ərzində ən az qol buraxan 5 komanda:

 

1. “Turan” (1993) - 5
2-3. “Neftçi” (2001/02) - 7
“Olimpik” (2007/08) - 7
4. “Şəmkir” (1999/2000) - 8
5. “Karvan” (2005/06) - 9

 

“Turan”ın 1993-cü ildəki rekordunda oyun sayının azlığı az rol oynamayıb. Qərblilər 18 qrup və 2 pley-off matçı keçirib. Bu qarşılaşmalardan da üçü texniki nəticə ilə yekunlaşıb. Baş tutan görüşlərdəki orta göstərici isə 0,29-a bərabərdir. Bu, yalnız 3-cü nəticədir.

 

Rekord isə “Olimpik”in 2007/08 mövsümündəki göstəricisidir. Amma bu rekordun keçilməsi ehtimalı mövcuddur. Paytaxt klubu üçün təhlükənin səbəbi cari mövsümün 20 oyununda 7 top buraxan “Qarabağ”dır. Liderin indiki nəticəsi 0,35-ə bərabərdir. Bu, hələlik yalnız 5-ci yerə şərik olmaq imkanı verir. Amma Ağdam klubu mövsümün bərpasından sonra qol buraxmasa, mütləq rekorda imza atmış olacaq. Bunun üçün son çempion daha 8 quru oyun keçirməlidir.

 

Azərbaycan çempionatında mövsüm ərzində orta hesabla ən az qol buraxan 5 komanda:

 

1. “Olimpik” (2007/08) - 0,27
2. “Neftçi” (2001/02) - 0,28
3. “Turan” (1993) -0,29
4. “Bakı” (2004/05) - 0,34
5. “Karvan” (2005/06) - 0,35

 

Qeyd: orta göstərici hesablanarkən texniki nəticə ilə başa çatan oyunlar və belə matçlardakı top fərqi nəzərə alınmayıb.

Tarix: 5 May [16:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2020
25  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio