"Duranın "Seltik"də uğurlu olması bu mənada "Qarabağ" üçün vacibdir" - "Dinamo" Zaqreb, Portuqaliya klubları kimi olması üçün

16:18 - 27 İyul 2026

"Qarabağ" son illər mütəmadi olaraq futbolçu satışları edir. Buna qədər Kadi, Juninyo və başqalarının transferindən yaxşı pul qazanmışdılarsa, Kamilo Duran bu mənada klubun tarixinə düşdü. "Qarabağ" kolumbiyalı futbolçuya görə təxminən 13 milyon manat gəlir əldə etdi. 

"Seltik"ə keçən Duran yeni klubunda qolları sıralayır. Yoxlama matçında "Milan"a da qol vurmaqla kolumbiyalı bir daha diqqətləri üzərinə çəkib. 

Belə görünür ki, "Qarabağ" transfer bazarında asta-asta öz yerini tutur. Sportal.az saytına açıqlama verən futbol agenti Tural Əsgərov bu prosesin hələ çox vaxt aparacağını düşünür:

"Duranın "Seltik"də uğurlu olması bu mənada "Qarabağ" üçün çox vacibdir. Əvvəlki illərdə Kadinin, Juninyonun sonrakı karyerası istənilən kimi alınmamışdı. Belə məqamlar xarici klublarda "Qarabağ"dan gələn futbolçulara inamsızlıq yarada bilər. Məsələn, "Dinamo" Zaqreb, Portuqaliyanın ortabab klubları həmişə skautların diqqət mərkəzindədir. Onlar artıq bazarda öz yerlərini tutublar.

"Qarabağ"ın o klublar kimi olması üçün Avropada müntəzəm uğurlara ehtiyacı var. Həmçinin futbolçuların da fərdi göstəriciləri yüksək olmalıdır. Təsəvvür edin, Duran gedib uğursuz olur və "Seltik"də düşünürlər ki, Çempionlar Liqasında 5 qol vuran oyunçu gəlib heç nə edə bilmirsə..."

Xəbər xətti