"İsraildə yaxşı iz qoymuşam, bu haqda mütləq Rüfətə deyəcəklər" - millimizin sabiq baş məşqçisi

19:47 - 26 İyul 2026

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Sportal.az saytına açıqlama verib.

Futbolçu kimi İsraildə uzun illər çıxış etmiş Diniyev "Hapoel İroni Kiryat Şmona" klubuna keçən Rüfət Abdullazadə haqda danışıb.

"Səbail"də baş məşqçi olarkən Abdullazadə məhz Diniyevin rəhbərliyi altında oynayıb.

O, Rüfət barədə bunları deyib: "Rüfət Abdullazadəni təbrik edirəm və ona uğurlar arzulayıram. O, gənc futbolçudur. Daim oynayacaq, parlayacaq yaşdadır, durumdadır. Perspektivli futbolçudur. İsrail yaşayış və futbol baxımından çox yaxşı ölkədir. Futbola da hər yerdə olduğu kimi çox peşəkar yanaşırlar. İsrail çempionatı da güclüdür, hər zaman "Makkabi"(Tel-Əviv), "Makkabi"(Hayfa), "Beytar" ən güclülər olub. Necə ki, Türkiyədə "Beşiktaş", "Qalatasaray", "Fənərbaxça" kimi güclü üçlü klub varsa, İsraildə də mən dediyim klublardır. Adını çəkdiyim İsrail klubları həmişə ən güclülərdir, maliyyə və səviyyə baxımından yüksəkdir. Bəzən "Hapoel"(Tel-Əviv) də onlara qoşulur. Çempionat çox maraqlıdır və gərgin keçir. Dünyanın hər yerindən orada legionerlər oynayır. Ən əsası, bizim ölkəyə də isti yanaşırlar, azərbaycanlıları orada sevirlər. Rüfəti tanıyıram,  iki il mənim komandamda oynayıb. O, həm özünü apara bilir, mədəni, ölkəmizi başını yuxarı edəcək insandır. Tərbiyə, mədəniyyət və futbol baxımından yaxşıdır, İsraildə də böyük uğur qazana bilər. Müqavilə bitdikdən sonra daha elit komandada oynamaq şansı yüksələ bilər. İsrail isti ölkədir, amma bu isti orada hiss olunmur. Rüfət həm Xorvatiyada, həm "Zirə"də özünü tam aça bilmədi. Yəqin ki, hansısa səbəblər var idi. İsraildə isə ona çox asan olacaq. Çünki orada texnikalı futbolçuları çox sevirlər. Düşünürəm ki, Rüfət orada həm yerli publikanın, həm də məşqçilərin, rəhbərlərin etimadını qazana biləcək".

İsraildə “Hapoel”(Taybe) və “Beytar” klublarında oynamış 60 yaşlı veteran futbolçu bu haqda da danışıb: "Bəli, mən özüm də 5 il orada çıxış etmişəm. Demək olar ki, bütün stadionlarda, Premyer Liqa komandalarına qarşı oynamışam. Düşünürəm ki, İsraildə yaxşı iz qoymuşam. Mütləq ki, bu haqda Rüfətə də deyəcəklər. Ona uğurlar arzulayıram. Ümidvaram ki, İsraildəki karyerası yaxşı alınacaq".

Mirbağırağa

Xəbər xətti