Nağıl kimi başlayıb, qorxulu yuxu kimi bitən oyun - Vernidubu şoka salan mənzərə

10:37 - 25 İyul 2026

Acı məğlubiyyətdən sonra ağır addımlarla yeriyən Yuri Vernidub sanki 90 dəqiqə ərzində baş verənləri dərk etməyə çalışırdı. Kənardan məhz belə təsir bağışlayırdı. Elə bil ukraynalı mütəxəssisin özü də niyə belə olduğunu ağlına sığdıra bilmirdi. 

Minsk "Dinamo"su heç otun iyini hiss etməmiş qapısında iki qol gördü. "Neftçi"nin irihesablı qələbəni bayram edəcəyini düşünmək olardı. Amma nağıl kimi başlayan matç qorxulu yuxu kimi bitdi. "Neftçi" dörd qol buraxdı. Meydanda baş verənləri görəndə, adamın ağlına min fikir gəlirdi. Uşaq səhvləri edən kim, qaçmağa ərinən kim...

Rüfət Abbasov və Emil Səfərov oyuna daxil olandan sonra komanda sanki ayıldı, bir neçə qol vəziyyəti yarada bildilər. Amma məğlubiyyətdən qaçmaq mümkün olmadı. Uduzulan oyundan sonra səsləndirilən fikirlərdən biri də odur ki, Vernidub fiziki yükləmələri çox edib deyə, bəzilərində yorğunluq yaranıb, bəziləri də etiraz əlaməti olaraq bilərəkdən zəif oynayıb. 

Maraqlı odur ki, ötən mövsümün gedişində "Neftçi"nin başına keçən Yuri Vernidub məhz bu iş metodikasının hesabına komandanı yuxarı pillələrə qaldırmışdı. Onun gəlişindən bəri heç kimin dilindən ukraynalı məşqçinin iş prinsipləri ilə bağlı neqativ fikirlər səslənməyib. Əksinə, Vernidubun həm insani keyfiyyətləri, həm də peşəkarlığı vurğulanıb, barəsində müsbət imic formalaşıb. 

Vernidub təcrübəli mütəxəssisdir. Bizim gördüyümüzü o da görüb. Vəziyyəti təhlil edib, baş verənlərə aydınlıq gətirmək üçün zamanı var. Vaxt azdır, amma hələ də heç nə bitməyib. "Dinamo" Minsk "Neftçi"nin dişinə görə olan rəqibdir. Vernidubun komandası Belarus təmsilçisinin qapısından iki qol da keçirtmək gücündədir, hələ artığını da. Əsas məsələ komanda daxilində nə baş verdiyini dəqiq müəyyənləşdirib düzgün nəticə çıxartmaqdır. 

Həmid

 

Xəbər xətti