Orxan Sadıqlı: “Xəzər Lənkəran”da da bizə qarşı ədalətsizlik olub” - MÜSAHİBƏ

"Zirə"dən ayrılan qapıçı Orxan Sadıqlı Sportal.az-a müsahibə verib.
 
- "Zirə"dən yeni müqavilə təklif etmişdilər?
- Yeni müqavilə təklif edilmədi, halallaşmaq istədilər. Təklif olsaydı, bunu müzakirə edəcəkdik. Ancaq belə bir şey olmadı və mən klubsuzam. “Zirə”yə uğurlar arzulayıram.
 
- Hazırda klublardan təklif almamağının səbəbini nədə görürsən?
- Bir çox insan üçün səbəblər ola bilər. Mən bu gün klubsuz qalmağımda xüsusi səbəb görmürəm. Sadəcə, baş məşqçinin seçimi ola bilər. Burada başqa nəsə görmürəm. O dönəm "Zirə" prezidentsiz idi. Şəxsən mənə dedilər ki, gözlə, qərar baş məşqçidən asılı olacaq. Bu, futboldur. Qərarlara hörmətlə yanaşmalıyıq. Bunu anlayışla qəbul edib, keçmiş komandama uğurlar arzu edirəm. Hər məşqçinin öz oyun sistemi var. İndi vəziyyət belədir və klubsuzam. Düşünmürdüm ki, klubsuz qalacağam. Məşq və oyunda hər zaman maksimum güc ortaya qoymuşam.
 
- İndi hardasan? Klub axtarırsan?
- İndi Bakıdayam. Təklif yoxdur, gözləyirəm. Dost-tanışla əlaqə yaradıram ki, Azərbaycanda və ya xaricdə variant olsa, xəbər etsinlər. Burada və ya xaricdə oynamağa hazıram, vəziyyət bunu tələb edir.
 
- Komandalar yeni mövsümə hazırlaşırlar. Klubsuz qalmağından narahat deyilsən?
- Əlbəttə, narahatam. Niyə də olmayım?! Karyeramı düşünürəm. Allah xeyirlisini etsin, əl-qolumu sallamaq fikrim yoxdur. İnşallah təklif olar, mən də klubsuz qalmaram.
 
- Əgər yerli klublardan təklif olmasa, xaricə yollanmağı düşünərsən?
- Yerli klub olmasa, mütləq xaricə getməyə çalışacağam. Mənim işim futboldur və ilk növbədə bunu düşünürəm. Əgər klub tapmasam, başqa iş barədə düşünmək olar. Xaricdən təklif olsa, gedərəm.
 
- "Xəzər Lənkəran"ın yetirmələri olmuş Elşən Rzazadə, Kamran Abdullazadə, İlyas Səfərzadə kimi futbolçuların karyeraları istənilən kimi alınmadı. Gələcək vəd edən Elnur Cəfərov və İbrahim Qədirzadə Premyer Liqadan uzaq qalıblar. Niyə "Xəzər Lənkəran" yetirmələrinin karyerası belə alındı? Onları futboldan küsdürən nə oldu?
- Fikrimcə, hər kəsin karyerası özündən asılı olub. Ola bilər, vaxtında hansısa addımı düz atmamışıq, doğru qərar verməmişik. Oyunçular çoxdur, kifayət qədər saymaq olar. Onların karyeraları deyərdim ki başlamamış bitdi. Məncə, bunun ilk səbəbi özlərindədir. Bu gün Orxan Sadıqlı klubsuzdursa, birinci problem özündədir. Əlbəttə, ədalətsizlik olub. “Xəzər Lənkəran”da da bizə qarşı ədalətsizlik edilib. Ümumiyyətlə, hər klubda olur. Söhbət futbol ədalətsizliyindən gedir. Davamlı olarsa, insanın küsüb-inciməyi var. Bəlkə də oynaya bilərdilər, yəqin küsüblər. Hardasa boşluqlar olub. İlk növbədə oyunçuların özlərində günah olub. Yaxşı oynayan futbolçunu komandadan kim çıxarar? Mənim ən uğurlu karyeram “Xəzər Lənkəran”da deyil, “Keşlə” və “Zirə”də olub. Paytaxt komandalarında səhvlərim az olub. Düzdür, “Zirə”də son oyunlarda səhvlər etmişəm. “Zirə”dən ayrılacağımı isə düşünmürdüm, amma bu, futboldur, belə hallar baş verir. Anlayışla qarşılamaq, komanda və yeni baş məşqçi Rəşad Sadıqova uğurlar arzulamaq lazımdır. Azərbaycanda klub tapmasam, xaricə üz tutacağam. Yerli futbolçulara dəyər vermək lazımdır. Fikir verin, son 2-3 ildə bir çox futbolçu 27-28 yaşda karyerasını başa vurub. Əcnəbi hər komandaya lazımdır. Ancaq elə bir futbolçu olmalıdır ki, yerli futbolçu ona baxıb məşq etsin. Yerli oyunçu əcnəbiyə kənardan gəldiyinə görə uduzmamalıdır. Komandaya sonda qalan elə yerli oyunçu olur.
Tarix: 7 Avqust [22:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2020
21  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio