Füzuli Məmmədov: "Bunu qapının ağzında etməmək lazım idi"

Avropa Liqasının II təsnifat mərhələsində keçirilən “Neftçi” – “Qalatasaray” (1:3) oyunundan sonra “ağ-qaralar”ın baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı təşkil edilib.

 

Sportal.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:

 

- Meydana qələbə üçün çıxmışdıq. Rəqibimiz xırda səhvləri belə bağışlamayan komanda idi. Daha diqqətli, konsentrasiyalı oynamaq lazım idi. Komanda çox əziyyət çəkdi. Belə oyunlarda xırda səhvlər belə etməməlisən. Etdiyimiz kobud səhvlər məğlubiyyətə səbəb oldu. Qarşıdakı oyunlara baxacağıq.

 

- Oyundan öncə demişdiz ki, matçla bağlı bir planınız var. Bu, nə dərəcədə baş tutdu?
- Rəqibin orta xəttinin gücünü bilirdik. Məqsədimiz daha kompakt oynamaq və əks-hücumlar etmək idi. İlk hissədə belə imkanlarımız oldu. Rəqibin orta xətdəki təhlükəli futbolçuları özlərini rahat hiss etmirdi, çünki daha kompakt, sıx oynayırdıq. İkinci hissədə hesabda geri düşdükdən sonra da inanırdım ki, qol vurmaq üçün şansımız olar. Qurduğumuz plan rəqibin rahat oynamasına imkan verməmək, əks-hücumlar etmək idi. Məğlubiyyətimizə səbəb uşaq səhvləri oldu. “Neftçi” səviyyəsində futbolçular belə uşaq səhvləri etməməlidi. Ümumən planımız pis getmirdi. İlk dəqiqələrdə çətinlik oldu, amma getdikcə oyuna uyğunlaşıb, topa nəzarət etməyə başlamışdıq. Ancaq ikinci qolu tez buraxdıq.

 

- Prins İbaranın oyunundan razı qaldız?
- Bəli. Ona vediyimiz tapşırıqları maksimum yerinə yetirməyə çalışdı. Qol vurmaq üçün fürsəti də oldu, amma orda ötürmə etməyi üstün tutdu. Oyundan sonra bildirdi ki, daha yaxşı mövqedə olan futbolçunu zərbə mövqeyinə çıxarmaq istəyirdi.

 

- “Uşaq səhvi” dediyinizi edən Aqil Məmmədov idi. Səlahət Ağayev niyə oynamır?
- Səlahət zədəli idi. O, heç “18-lik”də yox idi. Dirsəyində problem var, 1 həftə idi məşq etmirdi. Yaxın günlərdə komandaya qoşulacaq.

 

- Monrozun da zədə problemi var?
- Monroz son oyunda da əsas heyətdə yer almamışdı. Çünki zədəli idi. İynə ilə meydana çıxmışdı. O matçda qərar verdik ki, tam müalicə olunmalıdı. Bu həftə komanda ilə məşq etməmişdi. Qarşıdakı günlərdə sıraya dönəcək.

 

- “Şkupi” və Sumqayıt”la oyunlarda daha kobud səhvlər olmuşdu...
- Tam razıyam. Keçmiş oyunlarda komanda taktiki planda səhvlər edirdi. Bu gün daha diqqətli idilər. Amma geridə top qapıçıda və ya müdafiəçidə olanda bilirdik ki, rəqib pressinq edəcək. Buna düşməmək üçün sadə oynamalıydıq. Həmin epizodda Aqil və ya Emin sadə oynamalı, ya da uzun topla çıxmalıydıq. Başa düşürəm ki, futbolçular topa nəzarət etmək istəyir. Amma belə komandaya qarşı daha diqqətli olmalısan. Top ayağından bir qədər qaçırsa, artıq itirilir. Belə səhvləri etməməliydik. Səhv etməyə məcbur edən rəqibin səviyyəsi, keyfiyyəti idi.

 

- Qəribə də olsa “Neftçi” bu mövsüm ən yaxşı oyununu göstərdi. Deməli, əvvəlki oyunlarda motivasiya çatmırdı?
- Keçmiş matçlarda bu qədər motivasiya görünmürdü. “Şkupi”yə qarşı görüşdə də kobud səhvlər edirdik. Bu gün həmin səhvləri etmədik. Sadəcə, yenə də xırda səhvlər olurdu. Qarşıdakı matçlarda komanda daha yaxçşı oynamalıdı. Həftəsonu “Qarabağ”la çətin oyunumuz var. Həmin görüşə qələbə üçün çıxacağıq.

 

- Yusuf Laval bu gün əvvəlki matçlarla müqayisədə daha yaxşı görünürdü...
- Mən Lavalın keyfiyyətlərinə bələdəm. Sabir də, Talisson da, Rener də yaxşı futbolçudu. Sadəcə, yeni transferlər uyğunlaşmalıdı. Hamısının fərdi keyfiyyətləri çox yüksəkdi.

 

- Bəzi epizodlarda futbolçular fərdi oyuna çox üstünlük verirdi. Bu, sizin tapşırığınız idi?
- Bəzən buna məcbur olursan. Məsələn, Emin Mahmudov oyun qurucusu kimi topu çox saxlamalıdı. Ona bu tapşırığı biz vermişdik. Amma qapının ağzında etməmək lazım idi. Elə rəqibə qarşı oynayırdıq ki, səhv etməmək çətin idi. Rəqib xırda səhvləri bağışlamır, qaldı ki, belə kobub səhvlərə yol verəsən.

Tarix: 17 Sentyabr [23:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio