Rəşad Sadıqov: "Bəzi qərarlar yalnız bizim başımıza gəlir"

19:12 - 21 Yanvar 2021

Azərbaycan Premyer Liqasında XIV turun “Zirə” – “Qəbələ” (2:0) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:

 

- Maraqlı oyun oldu. Matç gərgin mübarizə şəraitində keçdi. İki gün idi ki, Bakıda sulu qar yağırdı. Bu da meydanda hiss olundu. Meydança sürüşkən idi. “Qəbələ” çempionatın rəngarəng futbol oynayan komandalarındandı. Bu gün bir daha bunu hiss etdik. Güclü rəqiblə mübarizə aparırdıq. Bəzi itkilərimiz var idi. Buna baxmayaraq uşaqlar maksimum çalışdırlar ki, yaxşı mübarizə aparsınlar. Futbol səhvlər oyunudu. Bunlardan kim yaxşı istifadə edirsə, o da qələbə qazanır. Biz rəqibin səhvlərindən biz daha yaxşı istifadə etdik. Ümumilikdə bərabər oyun getdi.

 

- Hakimlər “Zirə”ni çox “sıxır”?
- Ümumən, belə qələmə verməzdim. Hakimlərin bizi “sıxdığı” fikri ilə razı deyiləm, Sadəcə, bəzi qərarlar yalnız bizim başımıza gəlir deyə, bir az emosional reaksiya veririk. Bizə qarşı qərəz olduğu fikri yoxdu.

 

- İlk yarıda sanki “Qəbələ”nin 2-3 təhlükəli epizodu oldu. Amma fasilədən sonra rəqibə real qol imkanı vermədiz...
- Oyuna çox passiv başladıq. Rəqib təhlükəli hücumlar edirdi. Şükürlər olsun ki, həmin dəqiqələrdə dözdük. “Qəbələ” üçün rəqibin fərqi yoxdu, həmişə öz oyununu diqtə etməyi düşünür. Çalışır ki, futbolu eybəcərləşdirməsin. Həm özü oyunayır, həm də rəqibə oynamaq imkanı verir. İlk yarıdan sonra hesabda irəli idik. Bu da imkan verirdi ki, daha ehhtiyatlı oynayaq. Son dəqiqələrdə isə əks-hücumda qol vurduq. Rəqib də fərqlənə bilərdi. Elə oldu ki, qolu biz vurduq.

 

- Musa Qurbanlının debütü necə alındı? Komandaya uyğunlaşa bilibmi?
- Çox yaxşı uyğunlaşdı. Əmin idim ki, adaptasiya problemi olmayacaq. Çünki futbolçularımızın bir çoxu ilə oynamışdı, mənimlə də məşqçi-futbolçu kimi bir yerdə olub. Bu gün çox yaxşı çıxış etdi, qol vurdu. Topla yaxşı davranırdı, epizodlara açılırdı. Ümumən bütün futbolçulardan razı qaldım.

 

- Hakimin qərarı öz yerində, topu daha tez oyuna daxil etməsi ilə bağlı qapıçınızla xüsusi bir söhbət aparmağı düşünmürsüz? Artıq neçənci belə haldı...
- Çempionatda hər 7-8 saniyəyə görə belə qərar verilirmi? Qapıdan zərbə 11 saniyə yubandığına görə ikinci sarı göstərilirmi? Qapıçı iləı nə danışım? Bir çox qapıçılar 10-12 saniyəyə topu oyuna daxil edir. Mən belə məqamları xatırlamıram. Ona görə qapıçı ilə nə danışmalı olduğumu bilmirəm. Orxan Məmmədov yaxşı idarəçilik etdi, sərt oyuna imkan verdi. O qərarın doğru olmadığını deyə bilmərik, amma çox zaman hakimlər belə məqamlara göz yumur.

 

- Yeni transferiniz Andelkeviç haqqında məlumat verərdiz. Hansısa müdafiəçinin gedişi gözlənilirmi?
- Yaydan müdafiəyə oyunçu axtarırdıq. Elə alındı ki, yalnız iki oyunçu götürə bildik. Amma mövsümün gedişində, zədələr, cəzalar olurdu. Çox yaxşıdı ki, Cəlal özünü yaxşı göstərdi. Bu gün aparıcı oyunçularımızdan birinə çevrilib. Yenə də rəqabət yaxşı şeydi. Bəzən 5 müdafiəçi ilə oynaya bilərik. Rəqiblərə qarşı oyun sistemini dəyişə bilərik. Gənc, perspektivli oyunçudu. İnanıram ki, həm bizə faydası olacaq, həm də oyununu inkişaf etdirəcək.

Xəbər xətti