Rusiya klubunun hücumçusu: "Kamranla Azərbaycan millisi haqda danışırıq, yığmanın oyunlarını izləyirik"- MÜSAHİBƏ

16:54 - 14 Sentyabr 2021

Rusiyanın "SKA-Xabarovsk" klubunun futbolçusu David Qarayev Sportal.az saytına müsahibə verib.

 

Azərbaycanın aşağı yaş qruplarından ibarət yığma komandalarında oynamış 26 yaşlı hücumçu Xabarovsk klubunun heyətində Rusiya 1-ci divizionuna uğurlu start verib. Belə ki, Qarayev 10 matçda 6 qol vura bilib. O, saytımıza müsahibəsində Azərbaycan millisində oynamaq istəyindən söhbət açıb: 

- “SKA Xabarovsk”da işlərinin yaxşı getdiyini demək olar? Mövsümdə 10 oyuna 6 qol vuraraq başlamısan...
- Bəli, “SKA Xabarovsk”la müqaviləm var. Hər şey də çox yaxşı gedir. Komandamız yüksək yerlər uğrunda mübarizə aparır. Mən özüm də komandaya kömək olmağa çalışıram. "SKA Xabarovsk"un əsas məqsədi bütün oyunları qalib başa vurmaqdı. Ki, növbəti mövsüm Rusiya Premyer Liqasında çıxış edək. İnanıram ki, hər şey bizdə yaxşı olacaq.

- Son vaxtlar heç Azərbaycan klublarından təklif almısan? Ümumiyyətlə, Azərbaycanda oynamaq istəyirsən?
- Belə deyim də, konkret olaraq mənimlə heç kim söhbət etməyib. İndi isə bütün fikrimi “SKA Xabarovsk”un oyunlarına kökləmişəm. Başqa heç nə düşünmürəm. Təklif gələsi də olsa, mənim üçün əsas komandanın məqsədli və ambissiyalı olmasıdı. Yəni bu cür komandadan təklif olarsa, düşünmək mümkündü.

 

- Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmasında oynamısan. Lakin sonradan sanki futbol funksionerlərin yadından çıxdın. Yığmadan özün imtina etmişdin, yoxsa məşqçilər dəvət etmirdi yığmaya?
- Bilirsiz, o vaxtı Rusiyada legioner kimi oynamaq çətin idi. Həmin vaxtı da çox gənc idim. Pasport məsələsi də zaman alacaqdı. Ona görə də belə alındı. Rusiyalı kimi oynamağa qərar verdim.

- Bəs yenidən Azərbaycan yığmasında, bu dəfə əsas millidə oynamaq ehtimalı olarsa, necə reaksiya verəcəksən?
- İndi bu haqda danışmağa dəyməz. Çünki Azərbaycan yığmasından təklif almamışam. Amma mən daima Azərbaycan millisinin oyunlarına baxıram və azarkeşlik edirəm.

- Əgər Azərbaycan millisində oynamağı qəbul etsən, Rusiya klubunda legioner hesab ediləcəksən. Məhz bu, Azərbaycan millisində oynamaq təklifini qəbul edib-etməməyinə təsir edə bilər? Rusiya klublarında oynayan azərbaycanlılar var ki, elə bu məsələyə görə Azərbaycan millisində oynamırlar...
- A millinin futboçususansa, məsuliyyətin daha yüksək olur. Əgər, futbolçu keyfiyyətlidirsə, ona legioner olub-olmaması təsir etməməlidi. Milli komandaya uyğun futbolçu olmalıdı.

- Azərbaycanlı futbolçulardan kiminlə münasibətin ar?
- Bəli, ara-bir yazışdığım, danışdığım azərbayacnalı futbolçular var.

- Yeri gəlmişkən, Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmasında çıxış etmiş Kamran Əliyev də “Ximki”dən “SKA Xabarovsk”a icarə əsasında çıxış edəcək. Onunla Azərbaycan yığması barədə danışmısız?
-  Kamran Əliyevlə çoxdan tanışıq. Onunla yaxşı münasibətimiz var. Bəli, onunla Azərbaycan millisi haqda danışırıq, yığmanın oyunlarını izləyirik.

Xəbər xətti