Bakılı Messi

Messi Bakıdadı. “Vətən” cəmiyyətində futbolun sirrlərini öyrənir, turnirlərdə oynayır, qollar vurur.

Yox, bu, kiminsə ləqəbi deyil. Messi Fiday oğlu Hümbətli Bakıda yaşayır.

Dünən bu uşaqla Bakıdakı bir tədbirdə rastlaşdıq. Nərimanov prospektində gələcəyin ulduzlarının ilk addımlarını atacağı futbol meydançasının açılışında Messi Hümbətli də var idi, İsgəndər Cavadovla, Vəli Qasımovla top qovurdu.

Tədbir bitdi, uşqalar öz aralarında futbol oynamağa davam etdi. Biz isə uşağı topdan ayırmadıq, driblinqlərini izləyə-izləyə atası ilə söhbətləşdik.

Məlum oldu ki, Fiday bəy özü də vaxtilə futbol oynayıb, paytaxt “Avtomobilçi”sinin formasını geyib. Müəyyən səbəblərdən karyerasını erkən başa vurub, lakin aşıb-daşan futbol sevgisini oğluna aşılaya bilib. Elə bu səbəbdən oğlu dünyaya gələn kimi onun gələcək taleyini müəyyən edən adı seçib – Messi başqa sənət sahibi ola bilməzdi və oğul atanın ümidlərini doğrultmaqdadı.

Fiday bəy oğluna məşhur argentinalının adını seçərkən ailə üzvləri, qohumlar da bunun əleyhinə getməyib. Zamanı çatınca Messi futbol qrupuna yazılıb və yetişməkdədi.

Fiday bəy çılğın “Barselona” azarkeşidi. Oğlu da bu kluba sevgisiylə seçilir. Hətta Lionelin bu yay PSJ-yə keçməsi də katalon klubuna sevgini azaltmayıb, indi onlar həm də Paris klubun izləyir, Messini seyrə davam edirlər.

Lionel bir gün karyerasını bitirəcək, bizim 11 yaşlı Messinin parlaq günləri isə hələ qabaqdadı. (futbolinfo.az)

Tarix: 16 Sentyabr [19:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2021
19  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio