Qurban Qurbanov: "Sərt cavab bizim üçün xoş deyil"

"Qarabağ" Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "Səbail"ə 1:3 hesabı ilə məğlub olub. 

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

"Gözlədiyimiz gün gəlib çatdı. Seriya qırılmalı idi. Əfsuslar olsun ki, belə oyunla məğlub olduq. Futbolçulara deyiləcək sözüm yoxdur. Şəraiti hamımız gördük. Amma şərtlər hamı üçün eyni idi. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Topu idarə edə bilmiriksə, futbolçulardan yaxşı oyun da gözləyə bilmərəm. Bəzi məğlubiyyətlərin bizə faydası olur. Qarşıdakı matçlara hazırlaşacağıq.

 

Çox səbəb axtarmaq olar. Fiziki və psixoloji yorğunluq var. Məni daha çox şan-şöhrətdən sonra uduzmaq narahat edir. Uğurlu oyunlar bizi yoldan çıxara bilər. Komandadan çox danışılırdı. Məni narahat edən bu idi.

 

Elə bir oyun idi ki, kim birinci qol vurdu, o da udmalı idi. Dünyada böyükhesablı nəticələr olur. Bizdə belə hesablar nadir hallarda olur. Müdafiədə daha sağlam oynamağa çalışdıq. Bunlar normal hallardır.

 

Limit barədə çox danışılıb. Bir nöqtə olmalıdır. Bu söhbət artıq geridə qalıb. Dərindən düşünüb cavab vermək lazımdır. Futbolumuz üçün faydalı olanı düşünməliyik. Hər dəfə kənardan söz deyib kiməsə cavab vermək ucuz söhbətdir.

 

Futbolçuların hamısına dedim ki, qarıdakı matça hazırlaşmalıyıq. Hansı əziyyətləri çəkdiklərini mən görürəm. Daha yaxşı meydança, daha yaxşı şərtlərdə pis oynasaydıq, onlardan başqa şey tələb edərdim.

 

Ən əsası odur ki, Klublar Komitəsi özü öz işindən razıdır. Mən quruma müraciət etmişdim. Amma belə fikirlər oldu ki, biz yalnız "Qarabağ"ı düşünürük. Elə mövzudur ki, çox danışmaq olar. Amma fikir bildirəndə ətrafında daha geniş müzakirələr olur. Sanki biz özümüzü fikirləşmişdik. Başa düşürəm, nizamnamə qəbul olunmuşdu. Amma bəzi ölkələrdə vəziyyətə uyğun dəyişiklik edildi. Əvvəl deyildi ki, baxılacaq. Amma sonra sərt reaksiya gəldi ki, sonadək belə qalacaq. Bundan sonra heç müzakirəyə də çıxarılmadı. Sözümüzün ucuz olmasını istəmirik. Çox söz demək olar. Amma əməl olunmursa, ciddiyə alınmırsa, mənasızdır. Sərt cavab bizim üçün xoş deyil. Ona görə də belə fikirləri boş vermək lazımdır. Klublarda çalışan baş məşqçilər hamısı mənim dostum-qardaşımdır. Çoxu "Qarabağ"dan gedənlərdir. Hər zaman onların yanında olmaq istəmişəm. Belə fikirləşirlərsə, yəqin, daha dərindən düşünüblər. Mən ortaya adi söz atmamışam. Kifayət qədər ciddi məsələdir".

Tarix: 25 Oktyabr [21:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Noyabr 2021
29  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio