Toral Bayramov: "Bütün fikrimi "Qarabağ"a yönəltmişəm" - MÜSAHİBƏ

16:10 - 1 Dekabr 2021

“Qarabağ”ın və millimizin yarımmüdafiəçisi Toral Bayramov Qol.az saytına müsahibəbə verib.

 

Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:

 

-  Zədə səbəbindən bir neçə həftə oynamadın. Bərpa müddəti necə keçdi? 

-  Futbolçuya bir gün belə yaşıl meydandan uzaq qalmaq mənfi təsir edir. Lakin çətinlik olduğunu düşünmürəm. Həkimlərimizin və məşqçilərimizin sayəsində tezliklə bərpa oldum.

 

-  Ümumilikdə bu mövsümü sənin üçün uğurlu saymaq olar. Bunun səbəbi nədir?

-  Əlbəttə, uğurlu saymaq olar. Bunda Qurban Qurbanovun zəhməti çox böyükdür. Mənə fürsət verdi, gənc olmağıma baxmayaraq, güvəndi. Mən də bundan istifadə etməyə və baş məşqçimizin etimadını doğrultmağa çalışıram.

 

-  Komandan hazırda Premyer Liqada liderdir və son çempion “Neftçi” ilə 7 xallıq fərq yaradıb. Bunu necə dəyərləndirirsən?

-  Bizim ən yaxın izləyicilərimiz  “Zirə” və “Qəbələ”dir. Onları  5, “Neftçi”ni isə 7 xal qabaqlayırıq. Bu, bizi arxayınlaşdırmamalıdır.  Sona qədər mübarizə aparıb, çempionluq titulumuzu qaytarmaq istəyirik.

 

-  Səncə, “Qarabağ” bir mövsüm aradan sonra yenidən çempion ola biləcək?

-  Çempionluq uğrunda sona qədər mübarizə aparacağıq. Ümumiyyətlə, iştirak etdiyimiz bütün turnirlərdə uğurlu olmağa çalışırıq. Ümid edirik ki, nəticələrimizlə azarkeşlərimizi bu mövsüm də sevindirəcəyik.

 

-  Komandada hazırkı əhval-ruhiyyə necədir? “Omoniya” ilə heç-heçə futbolçuları ruhdan salmayıb?

-  Əhval-ruhiyyəmiz yüksəkdir. “Omoniya” ilə oyunda yaxşı oynadıq. Təəssüf ki, son dəqiqədə qələbəni əldən verdik. Ruhdan düşməmişik, əksinə, bu motivasiyadır. Hər oyunda daha da baxımlı futbol oynamağa çalışacağıq.

 

-  “Bazel”lə səfər oyunundan gözləntilərin nədir?

-  Bu görüş haqda danışmaq tezdir. Ona qədər Premyer Liqada “Sabah”la matçımız var. Biz hazırda bu oyuna köklənmişik. “Sabah”la görüşdən sonra “Bazel” barədə danışmaq olar.

 

-  Qarşınıza sırf pley off-a yox, 1/8 finala çıxmaq kimi hədəf qoyulub? 

- Ümumiyyətlə, “Qarabağ” olaraq hədəfimiz uğurlu çıxış edib, qrupdan çıxmaq idi. Şükürlər olsun ki, qrup mərhələsini adlamağı təmin etdik. İndi qrupdan lider kimi çıxmaq fürsətimiz var və niyə də bundan istifadə etməyək? Bunun üçün əlimizdən gələni edəcəyik.

 

- Millimiz DÇ-2022-dəki çıxışını başa vurdu. Yığmanın mübarizəsini necə dəyərləndirirsən? 

- Millimiz bundan daha yaxşı nəticə göstərə bilərdi. Nəticə yaxşı olmasa da, fikirləşirəm ki, bizim üçün çox yaxşı təcrübə oldu. Gənc yaşda millimizin formasını geyindiyim üçün çox xoşbəxtəm. Bundan sonra da yığmaya dəvət alsam, əlimdən gələni etməyə hər zaman hazıram.

 

- Bir gənc futbolçu kimi səncə millidəki problem nədən qaynaqlanır? 

- Sizin də vurğuladığınzı kimi, gənc futbolçuyam və bu sualınıza cavab verə bilmərəm. Ümid edirəm ki, əgər problem varsa, tezliklə aradan qalxar. Bizim işimiz futbol oynamaqdır və nə vaxt milliyə dəvət alsam, yenə də bacardığımın ən yaxşısını etməyə çalışacağam.

 

-  Canni de Byazinin oyunçularla işləməsindən razısan? 

- Əlbəttə, belə təcrübəli mütəxəssislə işləmək mənə xoş oldu. Gənc yaşda mənə fürsət verdi. Hər məşqçinin öz sistemi mövcuddur və özünəməxsus futbol anlayışını tətbiq edir. Hər məşqçinin müsbət və mənfi cəhətləri var. Amma onların işinə fikir bildirməyim doğru olmaz. Baş məşqçinin kim olacağına biz qərar vermirik. Gənc futbolçular çalışmalı və millidən dəvət gözləməlidir.

 

-  Bəs, öz gələcək karyeran haqda planların necədir?

- Öz karyeramı nəzərdə tutanda yalnız və yalnız “Qarabağ”ın uğurları barədə düşünürəm. Komandamın uğurları üçün əlimdən gələni etməyə hazıram. “Xəzər Lənkəran” yetirməsi olsam da, “Qarabağ”da böyümüşəm və bu komanda da oynamaq imkanı qazanmışam. Bundan əlavə, milliyə də “Qarabağ”dan dəvət almışam. Buna görə də bütün diqqətimi komandama cəmləmişəm.

 

-  Legioner həyatı yaşamaq istəyirsən? 

- Əlbəttə, bütün gənc futbolçular legioner həyatı yaşamaq istəyər. Amma əvvəlki sualdakı cavabımı yenidən təkaralayıram: hazırda bütün fikrimi “Qarabağ”a yönəltmişəm.

 

-  İndiyədək hər hansı bir klubdan təklif almısan?

-  Xeyr, mənə rəsmi təklif olmayıb. Ona görə də bu barədə danışmaq düzgün olmaz.

Xəbər xətti