"Sonuncu dəfə Namik Ələsgərovla "Bursaspor"la oyundan öncə söhbət etmişdik" - MÜSAHİBƏ

19:28 - 21 Yanvar 2022

Karyerasını Türkiyənin 1-ci liqa klubu olan “Keçiörengücü”də davam etdirən Vüsal İsgəndərli Sportal.az saytına müsahibə verib:

- Son turda “Eyüpspor”la 0:0 oynadınız. Komandanın qışdan sonrakı ümumi çıxışını necə dəyərləndirirsən? 
- Doğrudu, “Eyüpspor”la oyunda 3 qol şansım oldu. 1 dəfə təkbətək çıxdım. Ancaq təəssüf ki, həmin epizodları dəyərləndirə bilmədim. Məncə, yaxşı oynadıq. “Eyüpspor” çempionluğa oynayan komandadı.

- Bir ara epizodlardan maksimum yararlana bilməməyinə görə, özün üçün xüsusi məşqçi tutmuşdun. Yenə də xüsusi məşqçi ilə çalışırsan? 
- Həmin məşqçi ilə fərdi məşqlərə davam edirəm. “Eyüpspor”la oyundakı epizodları dəyərləndirə bilməməyim sadəcə bəxtlə əlaqədar idi. Qapıçı da epizodlarda yaxşı yer seçmişdi.

- Qışda komandaya yeni futbolçular gəldi. “Altay”dan komandaya cəlb edilən Ziya Alkurt səninlə eyni mövqedə çıxış edir. Bu, sənin əsas heyətdə oynamağına mane olmayacaq?
- Əlbəttə ki, rəqabət daha yaxşıdı. Ziya uzun illər bu liqada oynayıb, liqanı yaxşı tanıyır. Ancaq mənim oynamağıma problem olmayacaq. Formada olduğum müddətdə hər zaman oynamaq şansı tapacam. 

- Yəqin ki, yayda “Keçiörengücü”nə keçmək qərarı verdiyinə görə peşman deyilsən? Daha çox öyrəndiyin nə oldu?
- Bəli, peşman deyiləm. Hətta hər zaman deyirəm, yenə olarsa, yenə də gələrdim. Fərqli futbol stili, fərqli taktikalar, yeni oyunçular, məşqçilər... Hər zaman da hər futbolçuya legioner həyatı yaşamağı məsləhət görərdim. Təbii ki, uyğun ölkə, uyğun klub olarsa.

- Azərbaycanlı futbolçular var ki, onlar bir müddət legioner həyatı sürdürdükdən sonra oradan ayrılır, uzun çəkmir legioner həyatı, dərhal Azərbaycana qayıdırlar. Məsələn, Mahir “Legiya”dan ayrılır, Araz Abdullayev ölkəyə qayıtdı. Legioner həyatı yaşamaq çox çətindi?
- Araz və Mahir məsələsi barədə mətbuatdan məlumatlandım. Legioner həyatı yaşamaq haqda keçmiş futbolçular İlqar Qurbanov və Vaqif Cavadova sual vermişdiniz və onların da cavabını oxumuşdum. Müsahibəyə sosial şəbəkədə yazılan rəyləri oxumuşdum. Çoxu inanmır, amma yazdıqlarında da həqiqət var. Tam fərqli problemlərlə də rastlaşa bilirsən. Ancaq bu problemlərə çox da fikir vermədən öz işinə daha çox diqqət ayırırsan. Əgər legionersənsə, hər oyun, hər məşq yaxşı olmalısan.

- Deyəsən, qışda bir çox klubdan təklif almışdın və ayrılmaq ehtimalın var idi. Konkret təkliflər hansı klublardan idi və nəyə görə ayrılmadın?
- Klubların adını deməyim doğru olmaz. Ancaq həm klub, həm də özüm ayrılmaq istəmirdim. Çünki heç vaxt tez-tez klub dəyişməyi sevən biri olmamışam. Özümü burada sübut etməliyəm. Daha çox qol vurub, komandaya daha çox qələbə qazandırmalıyam. Əsas hədəfim budu.

- Azərbaycan Premyer Liqasından, daha dəqiq desək, "Neftçi" və ya "Qarabağ" kimi iddialı klublardan təklif olarsa, qayıdarsan, yoxsa bütün fikrin yalnız ölkə xaricində oynamaqdı?
- Hər futbolçunun bir xəyalı olur. Ən azı ölkəsində hər zaman oynamaq istədiyi klub olur. Amma indiki məqamda daha çox ölkə xaricində uğurlu olmaq istəyirəm.

- Namikin komandası "Bursaspor" hazırda turnir cədvəlində aşağı liqaya yuvarlana biləcək mövqeni tutur. Səncə, Namikin komandası liqada qala biləcək?
- “Bursaspor” böyük klubdu. Hansı komandanın liqada qalıb, hansı komandanın aşağı liqaya yuvarlanacağını deyə bilmərəm. 10-cu turda aşağı liqaya yuvarlanacağı deyilən komandalar var ki, indi pley-off oynaya biləcək mövqeni tuturlar. Bu mənada, hansısa turda nəyin necə olacağını ehtimal etmək mümkünsüzdü.

- Namiklə tez-tez danışırsınız, yoxsa elə sonuncu dəfə “Bursaspor” – “Keçiörəngücü” matçında söhbət etmisiz?
- Doğrudu, Namiklə elə həmin vaxtı, oyundan öncə söhbət etmişdik.

Xəbər xətti