"Latviya çempionatı Avropada çıxış etmək üçün tramplin rolunu oynaya bilər" - MÜSAHİBƏ

Karyerasını Latviyanın "Dauqavpils" klubunda icarə əsasında davam etdirən Şakir Seyidov Sportal.az saytına müsahibə verib. Müqavilə ilə "Sabah"a məxsus olan yarımmüdafiəçi Latviyadakı çıxışından danışıb.

- Son turda evdə "Liepaya"ya 0:4 hesabı ilə uduzdunuz. Səncə, nəyə görə rəqibin qarşısını ala bilmədiniz?
- "Liepaya" Latviyanın ən yaxşı klublarından biridi. Buna rəğmən biz oyuna yaxşı başlamışdıq. İlk qol vəziyyətini də biz yaratdıq. Əslində, başabaş oyun gedirdi, sadəcə 30-cu dəqiqədə azlıqda qaldıq. Məhz bundan sonra da üstünlük rəqibin tərəfinə keçdi.

- Komandanın 3-4 gündən bir oyunlara çıxması sizə ağır gəlir?
- Düzü, əvvəl-əvvəl buna öyrəşmək bir az çətin olur. Ancaq vaxt keçdikcə bunu vərdiş halına gətirə bilirsən. Oyunların tez-tez olması yaxşıdı. Oyun praktikası və inkişaf baxımından söyləyirəm.

- Necə düşünürsən, Latviya daha səviyyəli liqalara yollanmaq üçün yaxşı tramplin rolunu oynaya bilər, yoxsa bu liqa ilə maraqlanan güclü klublar yoxdu?
- Burada yaxşı klublar var. Həm də bura başqa ölkələrdən agentlər gəlir, izləyir. Özünü oyunlarda yaxşı tərəfdən göstərə bilsən, yaxşı klublara keçmək şansın yaranar. Bəli, Latviya çempionatı Avropada oynamaq üçün tramplin rolunu oynaya bilər.

- Növbəti oyununuz ölkənin ən güclü klublarından sayılan "Riqa"ya qarşıdı. Bu matçla bağlı düşüncələrin necədi? Ən azından, rəqibin məşqçilər korpusunun diqqətini çəkə biləcəksən?
- Hazırlıqlar gedir. Baş məşqçimizin verdiyi tapşırığı meydanda yerinə yetirməyə çalışacağıq. Allah qoysa, yaxşı oyun sərgiləyərək diqqətləri də öz üzərimə çəkərəm.

- Maraqlıdı ki, sən "Dauqavpils" ə keçəndən sonra Asim Əlizadə daha az oynayır. Bu, nə ilə bağlıdı?
- Burada mənə Asimin köməyi çox dəyir. İki azərbaycanlı olaraq burada ölkəmizi təmsil edirik. Əlimizdən də gələni edirik ki, Azərbaycanın adını yüksəklərdə tutaq.

- Yeri gəlmişkən, müqavilə ilə məxsus olduğun "Sabah" avrokuboklar uğrunda mübarizə aparırdı, amma "Sumqayıt"la matçda itirlən xallar komandanı avrokubokdan etdi. Bu barədə fikrin necədi?
- Burada "Sabah"ın futbolçusu olaraq, icarədə oynayıram. Təbii ki, son nəticəyə görə çox təəssüfləndim. Allah qoysa, gələn il yarıda qalan işi tamamlayarıq.

Mirbağırağa
Tarix: 17 May [11:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio