Qurban Qurbanov: "Digər rəqiblərə qarşı 1 gün hazırlaşıramsa, Rəşada qarşı 2 gün hazırlaşıram"

22:57 - 27 May 2022

Azərbaycan Kubokunda "Qarabağ" - "Zirə" finalından sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Sportal.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirdi:

- Oyun barədə danışmayacam. Rəşadı və komandasını təbrik edirəm. Çox yaxşı sezon keçirdilər və layiqli final oyunu göstərdilər. Bütün incəliklərə qədər oyuna hazırlaşmışdılar. Başda rəhbərlik olmaqla bütün klubumuzu təbrik edirəm. Azarkeşləri təbrik edirəm.

- Penaltilərə hazırlaşmışdız?
- Xeyr. Ümumiyyətlə, buna hazırlaşmırıq. Amma ilboyu hər həftə futbolçular məşqdən sonra qalıb məşq edirlər. Ordan diqqətimdə saxlayıram. Psixoloji olaraq belə oyunlardan əvvəl futbolçuları penaltilərə kökləmək istəmirəm. İnanıram ki, qarşıdakı oyunlarda bu mərhələyə kimi gətirmərik.

- Oyunun belə çətin keçməsinin sizin üçün yaxşı olduğunu demək olar?
- Matçın gedişində bunu düşünürdüm. Çox möhkəm mübarizə apardılar. Futbolçularım bir az ayıldı. Çempionluqdan sonra istər-istəməz tam hazırlaşmaq çətin olur. Ağır mövsüm keçirmişdilər. Bu oyun futbolçularımı silkələdi. Mövsümün ən maraqlı və mübarizəli oyunlarından bəlkə də birincisi oldu.

- Komanda neçə gün istirahət edəcək?
- Çox az. Mən istəyərdim ki, bütün futbolçularımın əvəzinə lazım olan işləri görüm, dincəlsinlər. Amma milliyə gedəcəklər, çoxunun istirahətə vaxtı olmayacaq. Mən də yəqin 3-4 gün istirahət edə biləcəm.

- Qarşıdan Çempionlar Liqası gəlir. Yeni mərkəz müdafiəçisi ilə anlaşdığınız deyilir...
- Xeyir. Anlaşmamız yoxdur. Bir neçə futbolçu ilə danışıqlar gedir. Fərqli-fərqli mövqe oyunçularıdır. Razılıq yoxdur.

- Kimlərin gedəcəyi bəllidir?
- İki gün ərzində hər şey konkretləşəcək.

- “Qarabağ” 5 il sonra “qızıl dubl” etdi...
- Çox xoşdur. Belə final oyunları futbolçuların böyüməsi üçün faydalıdır. Həm çempionat, həm kubokda iddialı olmuşuq. İnşallah, bundan əl çəkməyəcəyik. 5 il sonra “qızıl dubl” etmək çox xoşdur. Azərbaycan Kuboku başqa bir prestijdir. Hər bir futbolçu bunu əldə etmək istəyir.

- Avropada daha yaxşı nəticələr üçün daha səviyyəli oyunçular transfer edəcəksiz?
- Avropada əldə etdiyimiz uğurlardan da çox məmnunuq. Az nəticələrimiz olmayıb. Minimum əldə etdiyimizi qoruyub saxlamağa çalışırıq. Daha irəli getməyi, təbii ki, istəyirik. Bizdən asılı olmayan məsələlər var. Realist yanaşmaq lazımdır. İlboyu rəhbərliklə də danışıqlarımız olur.

- Bu mövsüm “Qarabağ” üçün ən uğurlu mövsümlərdən oldu. 10 ballıq şkala ilə mövsümə necə bal verərdiz?
- Gəlin, futbolçulara 10 bal verək. Çox əziyyət çəkdilər. Elə oyunlar oldu ki, ustalığımız, bəlkə, rəqibdən aşağı oldu, amma istəyin hesabına qələbələr qazandıq. Dözdülər, ciddi yanaşdılar. Onların işə yanaşmasına görə onlara 10 bal verərdim.

- Bu gün rəqibiniz dostunuz Rəşad Sadıqov idi. Onunla üz-üzə gəldiyiniz üçün hansı hissləri keçirirdiz?
- Digər rəqiblərə qarşı 1 gün hazırlaşıramsa, Rəşada qarşı 2 gün hazırlaşıram. Hər oyun nəsə yeni bir düşüncəsi olur, məşqçiləri daha çox fikirləşməyə məcbur edir. Bu gün bütün xırda detallara toxunmuşdu, analiz etmişdi. Bu da onun bacarığı, böyüklüyü, peşəsinə olan sevgisidir. Bizim çox güclü dostluğumuz var. Amma bizi güclü dost edən belə işlərdə bir-birimizə güzəşt etməməyimizdir. Rəşad Sadıqova qarşı oynamaq nə qədər xoşdursa, ondan daha çox çətindir. Onun hər uğuruna sevinirəm. Qarşıda əldə edəcəyi uğurlar çoxdur.

- Adətən müəllimlərin tələbələrə hər şeyi öyrətdiyini, bir şeyi gizlətdiklərini deyirlər. Bu gün həmin gizlətdiyiniz şeyin qələbəni gətirdiyini düşünmürsüz?
- Yaxınlarım, dostlarım üçün heç nəyi gizlətmirəm.

Xəbər xətti