Əmrah Çəlikəl: "Qurban Qurbanov ən yaxşı yerdə olmağı haqq edir"

02:11 - 7 Oktyabr 2022

"Hamınızı təbrik edirəm. "Qarabağ" möhtəşəm oynadı. Azarkeş basqısına, ajiotaja baxmayaraq, biz Bakıya gözəl qələbə ilə qayıdırıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın idman direktoru Əmrah Çəlikəl deyib. Ağdam klubunun rəsmisi "Olimpiakos"la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Bu cür hesabla qalib gələcəyinizi gözləyirdiniz?

- Açığı, qələbəni gözləyirdik. Hamımız inanmışdıq. Amma bu hesabla olacağını təxmin etməmişdik.

 

- "Nant" üzərində qazanılan 3:0 hesablı qələbə, ardınca "Olimpiakos"a eyni hesabla qalib gəlmək. Bunu nəyə bağlayırsınız?

- Bu, bizim üçün böyük məsuliyyətdi. Bunun davamı olmalıdı. Qrupdan çıxmalıyıq, sevinməliyik. Çünki bu, "Qarabağ"ın, Azərbaycanın haqqıdı. Futbolçuların əziyyəti, əməyi yerdə qalmamalıdı. Onlar da bunun üçün işləməlidi. Bu, inamın nəticəsidi. "Qarabağ"ın ən böyük silahı inam və birlikdi. Belə olduğu müddətdə də, davam edəcək.

 

- İnam bizi hara qədər apara bilər?

- Nə qədər inam varsa, o qədər də getməlisən.

 

- Vaxtı ilə Dino Ndolovunu Çin Superliqası klubuna, İbrahima Vadjini "Sent-Etyen"ə satdınız. Nə vaxtsa Qurban Qurbanova Avropanın samballı klubundan təklif gələrsə, ona reaksiyanız necə olar?

- Qurban Qurbanovun reaksiyası ilə eyni olar. Biz onun hər zaman ən düzgün qərar verməsinə öyrəşmişik. Qərarı nə olursa-olsun, hər kəs onu dəstəkləyəcək.

 

- "Qarabağ"ı Qurban Qurbanovsuz təsəvvür etmək olmur. "Qarabağ" deyəndə, Qurban Qurbanov canlanır insanın gözündə, Qurban Qurbanov deyəndə, "Qarabağ"...

- Razıyam. Bizim üçün sevindirici haldı. Onun necə əziyyət çəkdiyini ən yaxından görən insanlarıq. Qurban Qurbanov ən yaxşı yerdə olmağı haqq edir. Amma bu gün ən yaxşı "Qarabağ"dı. Ona görə də onun bizimlə olmasından şadıq, sevincliyik.

 

Mirbağırağa

Xəbər xətti