Vüqar Əsgərli: "Futbolçular robot deyil, insandır"

18:33 - 2 Aprel 2023

"Şamaxı" Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Şirvan bölgəsi təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb:

- Son oyunlarımız çətin keçəcək. Çünki, aşağı pillələrdə gərginlik var. Rəqiblərin adlarından asılı olmayaraq hər matçda xal qazanmağa çalışacağıq. "Qarabağ"la oyunun ağır kecəcəyi bəlli idi. Buna baxmayaraq futbolçularımız verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Ani diqqətsizlikdən məğlub olduq. Amma əl-qolumuzu sallayası deyilik. Məşqlərdə əzmkarlıq göstərib növbəti matçlarda qələbə qazanacağıq.

- Çempionatın həlledici məqamında təcrübə öz sözünü deyir. Gənc və qismən təcrübəsiz futbolçulardan ibarət olan "Şamaxı" son anlarda vəzifənin öhdəsindən gələ biləcək?

- Bəli, razıyam. Futbolçular təcrübəsizdir, amma əzmkardırlar. Əzmkarlıqla bunu aradan qaldırmağa çalışacağıq.

- Cəmi bir dəst geyim forması olan komandanın elitada qalması nə dərəcədə doğrudur?

- İsinmə hərəkətlərinə qırmızı formada çıxmışdıq. Hava yağışlı idi. İstəmədik ki, futbolçular oyuna yaş forma ilə çıxsınlar.

- Vacib oyunlarda futbolçularınız fərqlənə bilmir. Bu, nə ilə bağlıdır?

- Cox işləməliyik. Sonuncu dövrədə məşqlərin tempi aşağı düşməlidir. Futbolçular robot deyil, insandır. Gündə iki məşqimiz olur. Həftədə cəmi bir gün istirahət edirik. Amma buna baxmayaraq daha çox məşq edib problemi aradan qaldırmalıyıq.

- Son matçlarda Əli Səmədova az şans verilir. Bu, nə ilə bağlıdır?

- Bizim sistemdə həmin mövqedə oynayan futbolçular 13-14 kilometr qaçmalıdır. Çalışırıq orada tez-tez rotasiyalar edək ki, bir futbolçuya çox yük düşməsin. 

- Nə vaxtsa Cəlal Hüseynovu sağ cinah müdafiəçisi kimi oynatmağa düşünmüsüz?

- Hazırda Cəlal bizə mərkəz müdafiəçisi mövqeyində çox vacibdir. İstəyirik ki, sol tərəfdə oynayan stoper sol ayaqlı olsun, sağ tərəfdə isə sağ ayaqlı. Mərkəzdə oynayanın isə hər iki ayağı işlək olmalı və özü də təcrübəli olmalıdır. Cəlalın yaşı az olsa da, oyun baxımından ən təcrübəlisi odur.

Elçin Əlixan

Xəbər xətti