"Difai"nin Paşasını xatırlayarkən...

18:37 - 8 Aprel 2023

Psixoloqlar deyir ki, oğlan uşaqları futbola aşiq olursa, oyuncaqları da, təhsili də, dünyada qalan hər şeyi də unudur. Özümdə belə idi.

Oğlumu maksimum futboldan uzaq tutmağa çalışsam da, o da futbolu dəlicəsinə sevdi... 

...1996-cı il, iyulun 17-si. Həyatımda ilk dəfə stadiondan peşəkar komandaların futbol matçını izləyirəm. "Neftçi" Vidadi Rzayev və Yaşar Vahabzadənin qolları ilə UEFA kubokunun təsnifat mərhələsində Sofiya "Lokomotiv"ini Tofiq Bəhramov adına Respublika stadionunda 2:1 məğlub edir. Özü də, Vahabzadə qələbə qolunu 90-cı dəqiqədə az qala mərkəzdən vurur. Bu Azərbaycan klublarının tarixində avrokuboklarda ilk qələbə olur.

Həmin gün avrokubokda iştirak edən digər klubumuz "Xəzri" səfərdə Polşanın "Hutnik" klubuna 0:9 hesabı ilə uduzur... Bu da indiyəcən avrokuboklarda klublarımızın ən böyükhesablı məğlubiyyətidir.

Sonra buzovnalıların krakovlularla Bakıdakı cavab matçını da izləyirəm. "Xəzri" çox yaxşı oynayır və bu rəqibdən necə 9 qol buraxdığını təsəvvürümə də gətirə bilmirəm. Əfqan Talıbov sol cinahdan cərimə meydanına girərək ustalığını ortaya qoyur: mükəmməl zərbə ilə topu uzaq "doqquzluğa" fırladır və beynəlxalq arenada ən gözəl qollarımızdan birinə imza atır. Düzdü, polşalılar da zəif deyil. Xüsusən, afrikalı hücumçuları Mussa Yahaya fiziki cəhətdən çox güclüdü, bizim müdafiəni tez-tez tar-mar edib keçir və sonda qələbəni əlimizdən alan qolu da vurur. 

Amma bundan əvvəl Paşa Əliyev də fərqlənir.  Oyun 2:2 bitir. Qollarımızdan birinin müəllifi Paşa Əliyevi xeyli müddətlik unuduram. 

Bu "Xəzri"nin avrokubokda ilk və son iştirakı idi. Komanda 2 il sonra dağıldı...

"Hutnik" isə təmsil etdiyi Krakovun kolbasası kimi dünyada tanına bilməsə də, hələ də yaşayır. Polşanın 3-cü liqasında oynamağa yaşamaq demək olarsa...

..."Xəzri"nin polyaklarla heç-heçə etdiyi gün "Neftçi" səfərdə "Lokomotiv"ə 0:6 uduzur.
Bundan bir qədər sonra ömrümdə ilk dəfə milli komandamızın oyununa gedirəm və Vidadi Rzayevin qolu ilə İsveçrə üzərində tarixi qələbəni qazanırıq.

...Bəlkə də bu nəticələr mənim futbol sevgimi daha da artırdı. Bakıda izlədiyim oyunlar 0:9, 0:6 bitsəydi, ola bilsin futboldan iyrənərdim. Amma çətin... 1994-də ABŞ-da keçirilən dünya çempionatının bütün matçlarını acgözlüklə izlədikdən sonra az qala həvəskar futbollara da sutkalarla baxmağa hazır idim...

İndi 7 yaşlı oğlum Emilin futbola aid hər şeyə böyük sevgiylə yanaşdığı kimi...

...Paşa Əliyevi isə nəinki 7 yaşlı oğlum, stajlı futbol həvəskarlarının da çoxu tanımır. Amma 7 nömrəli kapitan mənim yaddaşımdan heç vaxt silinməyəcək.

Ən azı ona görə ki, onunla bağlı bir xoşagəlməz xatirəm var...

"Dinamo"nun kapitanı və lideri olduğu, qolları sıraladığı dövrdə səhv etmirəmsə, rəhmətlik Ruslan Abdullayevin "Ərzurumspor"a gedişindən sonra komandaya baş məşqçi əvəzi təyin olunmuş gənc mütəxəssis Babək Alxasov uğursuz matçlardan birindən sonra onu əvəzlədi. Paşa buna əsəbləşdi və kapitan sarğısını yerə atdı. Oyundan sonra Alxasovdan soruşdum ki, Paşa bu hərəkətinə görə cəzalanacaqmı? 

Babək bəy də "cəzalanacaq" dedi. Bundan sonra komandadaxili iclas oldu və Paşa "ya mən, ya Babək" şərtini qoydu. Klub rəhbərliyi də kapitanını, liderini və bombardirini seçdi...

Beləcə, Babək Alxasovun çörəyinə bais oldum. Əgər mən sualı verməsə idim "Dinamo"da qalıb işləyəcəkdi.

Bundan sonra Babək Alxasova zəng edib üzr istədiyimi də xatırlayıram. 

Jurnalist həyatı belədi. Ömrüboyu maddi-mənəvi əzablarla yaşamağa məhkumsan...

...Dünən gördüyüm bir xəbərə həm təəccübləndim, həm də sevindim. "Difai" həvəskar klubu "Qarabağ"ın bazasında qonaq olub. Fotolara baxıram ki, 90-ların sonunda Azərbaycan çempionatının ən yaxşı komandalarından olan "Dinamo"nun kapitanı, 2000/2001 mövsümünün bombardiri Paşa Əliyev. Həmkarım İlkin Vaqifoğluya fotonu atıb soruşuram ki, bu Paşa Əliyevdi? Deyir hə, Paşadı. Deyirəm bu haqda bir yazı yazacam.

İndi Paşa müəllim "Difai"inin baş məşqçisidi. 50 yaşına rəğmən zahirən heç dəyişməyib.
Paşa dövrünün xarizmatik futbolçularından idi. Fotosunu gördüm bir an cavanlığım yadıma düşdü, xatirələr canlandı. 

Futbolumuz isə nə o vaxt, nə də sonra üzümüzü güldürmədi. Sadəcə, onda pul yox idi. Həmin "peraşki dövrü" yenə arada Fiqulu, Ruy Koştalı, Vitor Bayalı, Fernando Koutulu, Paulu Souzalı Portuqaliya kimi qitə nəhənglərinə baş ağrı olurduq. Rəhmətlik Əhməd Ələsgərov oyundan əvvəl ağ bayraq qaldırıb demirdi ki, Portuqaliya dünya reytinqində bizdən neçə pillə üstündü, Nunu Qomeş, Pauleta, Serjiu Konseysao kimi futbolçular bu millidə əsas heyətə belə düşmürlər, Fiqu "Qızıl top" alıb, digərləri "Barselona"da, "Real" və s. superklublarda oynayır. Tam əksinə! Deyirdi, bizim birinci divizionda - MOİK-oynayan Ədahim Niftəliyevlə Zaur Tağızadə, Bəxtiyar Musayev və Kamal Quliyev olan yerdə Fiqu, Ruy Koşta kimdi?! Qəpik-quruşa oynayan futbolçularına 24 il əvbəl Azərbaycan millisinin baş məşqçisi belə motivasiya verirdi, cənab De Byazi! 

... Deyəsən qəhrəmanımızdan başqa hamıdan danışdıq? Paşa isə danışmaqdan, müsahibə verməkdən çox qabiliyyətini meydanda ortaya qoymağa üstünlük verərdi. Baxmayaraq ki, gözəl natiqliyi olan nadir futbolçularımızdan biri idi. Amma

Bəlkə də ona görə indi onu çoxları tanımır...

Əminəm, "Difai" Paşa Əliyevin bacarığı ilə uğur qazanacaq!

Anar Şabanoğlu, Sports.az

Xəbər xətti