Vüqar Əsgərli: "Layiqli 1 xal qazandıq"

18:21 - 9 Aprel 2023

"Şamaxı" Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfrasnında qonaqların baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb:

"Hər iki komanda 4-5 tur idi qələbəyə həsrət qalmışdı. Əvvəldən mübarizəli oyun keçəcəyini bilirdik. Bundan sonra bizim üçün bütün matçlar finaldır. Sırf rəqibə görə hazırlaşmışdıq. Evdə necə müdafiə olunduqlarını bilirdik. Futbolçularımız bütün tapşırıqları yerinə yetirdilər. Layiqli 1 xal qazandıq. 

- Tovuza bir xal üçün gəlmişdiz?

- Bizim üçün ən pis halda bir xal da dəyərlidir. Amma biz bütün oyunlara qələbə üçün çıxırıq. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir.

- Fuad Bayramovun bu tip qolları çoxdur. Bunun üzərində xüsusi çalışır?

- Bilirsiz də Şamaxıda qalırıq. Məşqdən başqa işimiz yoxdur. Sırf bunun üzərində də məşq edirik.

- "Səbail"in xal itirməsi sizə psixoloji olaraq təsir etmişdi?

- Biz heç kimə fikir vermirik. Yalnız öz oyunumuzu düşünürük. Onların uğursuzluğuna köklənmirik, nəticələrə fikir vermirik. Fikir verəndə komandada stress yaranır.

- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsız. Bu görüşdən gözləntiniz nədir?

- Evdə oynayacağıq. Çalışacağıq ki, qələbə qazanaq. Vaxtımız azdır. Biz məşqçilərin işi çətindir. Həm öz oyunumuzu, həm rəqibi təhlil etməliyik. Futbolçularımızla fəxr edirik. Onların üzərinə böyük iş düşür. Sevinirik ki, oyundan-oyuna özlərini daha yaxşı göstərirlər.

Elçin Əlixan

Xəbər xətti