Tərlan Əhmədov: " Xoşbəxtlik "Sumqayıt"ın tərəfində idi"

18:35 - 29 Aprel 2023

"Kəpəz" Azərbaycan Premyer Liqasının XXXII turunda öz meydanında "Sumqayıt"a 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "sarı-göylər"in baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun ağır keçəcəyini bilirdik. Komanda mübarizə apardı, qol vurmaq üçün fürsətlərimiz var idi. Bu fəsildə, saat 4-də oynamaq çox çətindir. Boğucu hava var idi. Futbolçular tam güclərini qoya bilmirdilər. Belə matçın taleyini bir qol həll edir. "Sumqayt" bir dəfə fürsət yaxaladı və qol vurdu. Yeni formalaşan komandayıq. Bütün oyunları udmaq, qələbə seriyasını davam etdirmək  bizim üçün çətindir. Oyunu diqtə etməyə çalışdıq. Xoşbəxtlik "Sumqayıt"ın tərəfində idi.

- Qarşıda sizi güclü rəqiblərlə çətin oyunlar gözləyir. Bu məğlubiyyətdən sonra toparlanmaq çətin olmayacaq?

- Toparlanmaq çətin olmayacaq. Oyunların vaxtlarını dəyişsələr yaxşı olar. İsti havada, dəniz səviyyəsindən yüksəklikdə, bu saatda oynamaq çox çətindir. "Kəpəz"ə gələndə mənə deyirdilər ki, komanda zəifdir. Qorxacağımız bir şey yoxdur. Bizim işimiz "Kəpəz"i Premyer Liqada saxlamaqdır.

- Hakimlikdən razı qaldınız?

- Tural Qurbanov artıq 6-cı dəfədir ki, oyunumuza təyinat alır. Dəfələrlə əleyhimizə qərarlar verib. Bu hakimin bizim oyunumuza təyin olunması məni təəccübləndirdi. Sarı vərəqələri vermirdi, tez-tez oyunu dayandırırdı. Bu hakimin olduğu matçların çoxunda uduzmuşuq.

- Şuaybunu start heyətdə yer almamasının səbəbi nə idi?

- Zədəsi var idi, ona görə ehtiyat etdim. Oyunun gedişində hiss etdim ki, Sisse komandaya uyğunlaşa bilmir. Ona görə ikinci hissədə dəyişilik etdim.

- Qalan matçlarda sizi neçə xal qane edəcək?

- Bütün məsələləri həll etmək üçün bizə bir qələbə  lazımdır. İnanıram ki, qarşıdakı 4 oyunda lazım olan xalları toplayacağıq.

Elçin Əlixan

Xəbər xətti