"Sona qədər mübarizəb aparıb, "Qəbələ"nin xal itirməsini gözləyəcəyik" - MÜSAHİBƏ

13:12 - 8 May 2023

"Zirə"nin yarımmüdafiəçisi Coşqun Diniyev Sportal.az saytına müsahibə verib. 

- "Şamaxı" ilə matçda qələbə qazanmağı bacardınız. Matçı necə dəyərləndirəcəksən?
- Çoxdandır rahat qələbə qazana bilmirdik. Lakin anlayırdıq ki, çox çalışırıqsa, sonda istər-istəməz bu gün olmasa da, sabah istənilən rahat qələbəni qazanacağıq. Ümidvaram ki, bizim üçün başlanğıcdı. İndiyə qədər çox şey itirmişdik. Dördüncü yeri əlimizlə "Qəbələ"yə təslim etdik. Amma sona qədər mübarizə aparacağıq. Bilmək olmaz, "Qəbələ" də xallar itirə bilər. Xeyirlisi, görək də. "Turan Tovuz"a evdəki məğlubiyyətdən sonra toparlandıq və istədiyimiz oyunu sərgiləyə bildik.

- Avrokuboklara vəsiqə qazanmaq şanslarınızı necə görürsən?

- İstənilən futbolçu avrokuboklara vəsiqə qazanmaq istəyər. Sadəcə mövsümün vacib anlarında və axırlarında itirdiyimiz xallar bizim üçün zərbə oldu. Amma yığışdıq, söhbət etdik və mübarizəni sona qədər davam etdirəcəyimizə qərar verdik. Sona qədər mübarizə aparacağıq və "Qəbələ"nin də xal itirməsini gözləyəcəyik. 

- "Zirə" avrokuboklara düşə bilməsə necə?

- İdmanda həmişə istədiyin hər şeyi əldə edə bilmirsən. Amma ümid edirəm ki, avrokuboklara vəsiqə qazanacağıq. Hər halda, vəsiqə qazanmasaq da, dünyanın sonu deyil. Səhvlərimizdən nəticə çıxararaq, növbəti il daha yaxşı “Zirə” görməyi arzulayarıq. 

- Qarşıdakı turda rəqib "Kəpəz"dir. Onlarla oyunda istədiyiniz nəticəni əldə edə biləcəksiz?

- Bu komanda ilə oyunlarımız heç vaxt asan keçmir. Onlarla səfərdəki görüş də çətin alınmışdı. Hər halda, heç-heçə qeydə alınmışdı. Növbəti görüşü evdə keçirəcəyik. İstənilən nəticəni qazanacağımıza inanıram. Sona qədər mübarizəmizi davam etdirəcəyik. 

Mirbağırağa

Xəbər xətti