"Zirə"nin legioneri: "Bu mövsüm bəxtimiz gətirmir" - MÜSAHİBƏ

11:33 - 14 May 2023

"Zirə"nin futbolçusu Nemanya Ancelkoviç Sportal.az saytına müsahibə verib. 

- "Kəpəz"lə matçda qalib gələ bilmədiniz. Yəqin ki, oyundan əvvəl istədiyiniz nəticə bu deyildi. Görüşlə bağlı düşüncələrin necədi?

- Biz meydana qələbə üçün çıxmışdıq. Çünki evdə oynayırdıq. Futboldur da, oyunun necə bitəcəyini heç vaxt bilmək olmur. Əlimizdən gələni etdik, amma qalib gəlməyi bacarmadıq. Məncə, bu mövsüm bəxtimiz gətirmir. Oyunun son dəqiqəsində penalti qazandıq, ancaq VAR qərar verdi ki, oyundankənar vəziyyət var və hesab 1:1 başa çatdı. Deyə bilmərəm ki, bizdə alınmadı. Hər birimiz meydanda əlimizdən gələnin ən yaxşısını etdik və alınan nəticəyə görə çox təəssüflənirəm. Çünki ucuz qollar buraxdıq. Rəqib çox yaxşı gedişlər etdi deyə, qol buraxmadıq, sadəcə fasilə ərəfəsi idi, yaxşı konsentrasiya olmamışdıq. 

- Qalib gələ bilməməyinizin əsas səbəbi nə oldu?

- Komanda ilə bağlı problem yoxdu. Sadece məncə, bu il bəxtimiz gətirmir. Nəyə görə belə olduğunu bilmirəm. Amma biz istəyimizdən əl çəkə bilmərik, sona qədər mübarizə aparacağıq. 

- "Zirə" "Turan Tovuz" və "Kəpəz"lə görüşlərdə qələbə qazanmağı baacrmadı. Halbuki, hər iki komanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Onlarla yenə oynasanız, qalib gələrdiz səncə?

- “Turan Tovuz”la evdəki görüşdə təmiz qolumuzu qeydə almadılar. Başa düşmürəm, qərar verə bilmirlərsə, ofsayd olub-olmadığını görmürlərsə, daha VAR nəyə görə fəaliyyət göstərir? “Kəpəz”lə matçda da eyni hadisə baş verdi. Qol vurduq, ləğv etdilər və növbəti hücumda qol buraxdıq. Ən pis anda və oyunu öz xeyrimizə çevirə bilmədik.

- Növbəti turda "Sabah"a qarşı oynayacaqsınız. Bu komanda sizin üçün güclü rəqibdir?

- Bəli, növbəti matçı çox yaxşı və keyfiyyətli komandaya qarşı keçirəcəyik. Amma heç kimdən qorxmuruq. Öz oyunumuzu və futbolumuzu oynayırıq. Hər oyunda da qalib gəlmək istəyirik.

- Səncə, avrokuboklara vəsiqə qazanmağınız realdır, yoxsa bunun üçün möcüzə lazımdır?

- Əlbəttə ki, realdır. “Zirə”nin avrokuboklara vəsiqə qazanacağına inanıram.

- Yeri gəlmişkən, dördüncü yer uğrunda "Qəbələ" ilə mübarizə aparırsınız. Onlar dünən "Turan Tovuz"a məğlub oldu. Sürpriz nəticə idi?

- “Turan Tovuz” son üç oyunda üç qələbə qazanıb. Onların öz keyfiyyəti var. Bu komanda standart vəziyyətlərdə çox təhlükəlidir. Yaranan bütün şansdan istifadə etməyə çalışırlar. 

- "Qəbələ"nin məğlubiyyətindən sonra onlarla iki xal fərqiniz qaldı. Yəqin ki, onlar qalib gəlsəydi, avrokuboklara yollanmaq şanslarınız daha da mürəkkəbləşəcəkdi?

- Bayaq dediyim kimi, sona qədər mübarizə aparacağıq. Necə olacağını isə zaman göstərəcək. Vəziyyət necə olursa-olsun, gələcəyə hər zaman pozitiv baxıram.

Elçin

Xəbər xətti