Şahin Diniyev: "Heç bir faciə baş verməyib"

21:20 - 5 Avqust 2023

"Səbail" Azərbaycan Premyer Liqasının ilk turunda doğma meydanda "Sumqayıt"a 1:4 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:

- Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Nəticə hər şeyi deyir. 38 dəqiqə sıxıldıq, öz oyunumuzu tapa bilmədik. Anlaşma sıfır dərəcəsində idi. Komandanı həmin dəqiqələrdə tanımadım. 38-45-ci dəqiqələr arasında 4-5 qol epizodu yaratdıq. İkinci hissəyə çox yaxşı başladıq. Dalbadal qollar gəlməli idi. Fürsətlərdən istifadə edə bilmədik. Qırılma nöqtəsi penalti idi. Bundan sonra əks-hücumlarda tutulduq. Bu, başlanğıcdır. Komandama möhkəm olmağı tapşırdım. Hələ heç bir faciə baş verməyib. Bu gün bizim pis günümüz idi. Ayağa qalxıb addımlamaq lazımdır. Hər şey normal olacaq. Hesab oyuna görə deyildi. Komandanın gücü var.

- Ötən mövsüm də hakimlərdən danışırdınız. Bu gün də penalti oldu...

- Biz də səhv edirik, hakim də. Bu, emosiyadır. Məşqçilər hər zaman danışır. Oyunu çox gecikdirirdilər. Qomisə sarı vərəqə verməyə bilərdi. Sırf hakim bizi uduzdurdu deməzdim. İradlar var, olacaq da. 

- "Səbail"in verilməyən penaltisi və qapınıza təyin olunan penalti barədə nə deyə bilərsiniz?

- Çiyin-çiyinə epizodda penalti verilməyə bilərdi. Eyni epizodlar idi. Birində verir, birində vermir. VAR sistemi var. Ola bilər ki, mən səhv edərəm.

- Qollarda mərkəz müdafiəçilərinin səhvləri var idi. Bu boşluqları necə aradan qaldıracaqsız?

- Əlbəttə səhvlər var idi. Bu, futbolda olan şeydir. Belə oyunlardan sonra mütləq nəyisə dəyişməlisən. Bu da baş verəcək. Böyük bir hadisə baş verməyib. Çempionatda iddiamızı davam etdirəcəyik. Məğlubiyyət mənim məğlubiyyətimdir. Futbolçuların deyil. Bütün məsuliyyəti öz üzərimə götürürəm.

- Adil Nağıyev ötən mövsümdə də səhvlər edirdi, bu gün də səhv etdi. Onunla fərdi söhbət edirsiz?

- Əlbəttə olur. Asan qollar buraxdıq. Məğlubiyyəti konkret olaraq kiminsə üstünə atmaq məşqçinin zəifliyi olar. Hamımız məğlub olmuşuq. Yeni səhifə açmalıyıq.

- Köməkçi məşqçinizlə dördüncü hakim arasında mübahisə yaşandı. Bunun səbəbi nə idi?

- Daha çox oyunun gecikməsi ilə bağlı idi. Futbol emosiyalar oyunudur. 

- Əvəzetmələri gec etməyiniz nə ilə bağlı idi?

- Nə qədər qol vəziyyətlərimiz var idi. Buna görə dəyişikliyə lüzum görmürdüm.

Elçin Əlixan

Xəbər xətti