Azərbaycan çempionatının başlayacağı tarix bəlli oldu

16:02 - 5 Oktyabr 2023

Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümü 22 oktyabrda start götürəcək.

Sportal.az xəbər verir ki, ötən ildən fərqli olaraq, yarışda 10 komanda çempionluq uğrunda mübarizə aparacaq.

Bunlar "Sabah", NTD-İNDİQO (Xaçmaz), "Gəncə", "Xırdalan", "Sərhədçi", "Neftçi", "Cəlilabad", "Şəki", "Xəzri" və "Sumqayıt" kollektivləridir.

Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Yeni reqlamentə əsasən, müntəzəm mövsümü ilk "altılıq"da tamamlayan klublar pley-offa vəsiqə qazanacaqlar.

Bu "altılıq"da ilk iki sıranı tutan klublar birbaşa pley-offun yarımfinalından, digər 4 kollektiv isə 1/4 finalından mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanan klub sevinən tərəf olacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının oyunları "Sərhədçi" İdman Mərkəzi ilə yanaşı, bölgələrdə yerləşən Olimpiya İdman Komplekslərində baş tutacaq.

Xəbər xətti