"Qarabağ"ın baş məşqçisi: "Bir neçə futbolçumuzla maraqlanan klublar oldu"

18:49 - 12 Fevral 2024

"Belə turnirlərin olması uşaqların inkişafı üçün çox vacibdir. Turnirdə təşkilatçılıq yüksək səviyyədə idi, yekun nəticədə 5-ci olduq. Yalnız bir oyunu, o da penaltilər seriyasında uduzduq. Düzdür, nəticə o qədər də vacib deyildi, əsas futbolçular verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar və deyərdim ki, alındı".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın U-15 komandasının baş məşqçisi Vüqar Əsgərli deyib.

O, Ağdam təmsilçisinin Belarusun paytaxtı Minskdə keçirilmiş “bizim gələcəyimiz” turnirindəki iştirakından və 5-ci yeri tutmasından söhbət açıb: 

"İlk dəfədir ki, bu cür turnirlərdə oynayırıq. Üstəlik, birinci dəfədir belə komandalarla qarşılaşırıq. Həqiqətən yaxşı oldu. Çünki futbolçular təcrübə qazandı, bundan sonra məşqlərdə zəif cəhətlərini inkişaf etdirmək üçün işləməliyik".

Komandanın çalışdırıcısı Əli Bəşirovun turnirin ən yaxşı yarımmüdafiəçisi seçilməsinə aydınlıq gətirib: "Hamımız sevindik ki, Əli Bəşirov turnirdə ən yaxşı seçildi. Tək Əli yox, bir neçə futbolçumuzla maraqlanan klublar oldu".

Mirbağırağa

Xəbər xətti