"Sabah"ın yeni baş məşqçisi: "İkinci yer üçün mübarizə aparmalıyıq"

10:18 - 6 Mart 2024

"Sabah"ın yeni baş məşqçisi Krunoslav Renduliç klubun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis məşqçilik karyerasından danışıb. Bununla yanaşı, o, yeni komandasındakı hədəflərindən bəhs edib:

"Burada olmaqdan şadam. 40 yaşına qədər davam edən futbolçu karyeram ancaq Xorvatiya ilə bağlıdır. Futbolçu karyeramı bitirdikdən sonra məşqçiliyə başlamışam. Sonuncu iş yerim Bosniya və Herseqovinanın “Zrinski” klubu olub. Qürurla demək istəyirəm ki, biz həm kuboku, həm də çempionluğu qazanaraq böyük nəticələr əldə etdik. Bundan əlavə, biz Avropa kuboklarının qrup mərhələsində iştirak edən ilk Bosniya klub olaraq tarix yazdıq. Futbolçular üçün zehni və fiziki güc çox vacibdir. Özüm oyunçu kimi çox istəkli olmuşam və bu cür oyunçular da mənim xoşuma gəlir. Hətta istedadlı oyunçuların da həqiqətən uğur qazanması üçün əzmkarlıq və istək lazımdır.

İlk işə başladığım gündən mənim öz hədəflərim var idi və o hədəflərə mümkün qədər yüksək səviyyədə nail olmaq istəyirəm. Futbolda, idmanda və həyatda olduğu kimi qarşınıza kiçik hədəflər qoymağınız sizi böyük hədəflərə çatdırmayacaq. Ancaq böyük hədəflərə köklənməklə bu mövsüm məqsədə nail olmaq olar. Ona görə də hesab edirəm ki, iddialı olmalı və bu mövsümdə ikinci yer üçün mübarizə aparmalıyıq. Buna nail olmaq üçün kifayət qədər keyfiyyətli komandamız var.Sadəcə bir söz vermək istəyirəm: çalışacağıq, mübarizə aparacağıq və daim istəkli olacağıq".

Qeyd edək ki, "Sabah" Renduliçlə 1,5 illik müqavilə imzalayıb.
 

Xəbər xətti