Ukrayna klubunun futbolçusu: "Azərbaycan millisinə dəvət edildiyim üçün xoşbəxtəm" - MÜSAHİBƏ

15:34 - 18 Mart 2024

Azərbaycan milli komandasına dəvət edilən Ukraynanın "Polessye" klubunun üzvü Emil Mustafayev Sportal.az saytına müsahibə verib.

- İlk dəfə Azərbaycan millisinə dəvət edildiyin üçün təbrik edirəm. Hansı hissləri keçirirsən?

Hər şey çox yaxşıdır. Təbii ki, ən yaxşı hissləri keçirirəm. Azərbaycan millisinə dəvət edildiyim üçün xoşbəxtəm. Əsas millidə oynamağı çoxdan istəyirdim. Şadam ki, bu reallaşdı. Azərbaycan millisində yer aldığım üçün sevinirəm.

- Bildiyim qədərilə Ukrayna yığmasına da dəvət edilə bilərdin. Amma Azərbaycandan dəvət gözlədin...

Ukraynada doğulmuşam, futbolçu kimi yetişməyimdə bu ölkənin xidməti var. Oranı da sevirəm. Amma mənim atam azərbaycanlıdır. Azərbaycan millisində oynamağı çox istəyirdim. Elə buna görə də, U-21 yığmasında oynamağı qəbul etmişdim. İndi də əsas millidə oynayacam. Bəli, Ukrayna U-21 yığmasında da oynamaq təklifi olmuşdu. Etimad göstərənlərə təşəkkür edirəm. Şadam ki, Azərbaycan millisində oynayacam.

- Ukraynada işlərin necə gedir? Klubun hazırda turnir cədvəlində 6-cı pillədə yer alıb...

Hər şey yaxşıdır. Klubun da işləri pis getmir. Düzdür, bir ara turnir cədvəlində daha da yuxarıda idik. İndi isə 6-cı pillədəyik. Hər halda, mübarizə davam edir. Yenə də, yuxarı pillələrə qalxa bilərik.İndi millidəki məşqlərə, oyunlara fokuslanacam. Kluba qayıtdıqdan sonra da oradakı oyunlara diqqətimi yönəldəcəm. 

- Azərbaycan millisinin əvvəllər izləmişdin?

Təbii ki. Azərbaycan millisini hər zaman izləyirəm. Millidə kimlərin oynadığını, komandanın necə futbol nümayiş etdirdiyini bilirəm. Yığma komanda son oyunlarda da uğurlu çıxış etmişdi. Ukraynada oynasam da, həmişə Azərbaycan millisini izləmişəm.

- Qarşıda Azərbaycan millisini yoxlama matçları gözləyir. Rəqiblər Bolqarıstan və Monqolustandır. Bu komandalarla görüşlər yığmamıza nə qazandıra bilər?

Milli komanda səviyyəsində hansı rəqibə oynayırsansa, oyun çox məsuliyyətli və maraqlıdır. Yoxlama görüşləri olsa da, tam ciddi şəkildə oynayacağıq. Mən də toplanış zamanı ən yaxşısını edəcəm. Çalışacam ki, məşqçilər korpusunun etimadını doğruldum.

- Səncə, oynamaq şansın olacaq?

- Mən toplanışda yer alan futbolçulardan biriyəm. Qərarları verən məşqçilərdir və hər şey məşqçilər korpusundan asılıdır. Mən oynamaq üçün hazıram. Şans verilsə, meydana çıxaraq Azərbaycan yığmasına əlimdən gələn köməkliyi göstərməyə hazıram. 

Mirbağırağa

Xəbər xətti