"Bəyəndiyimiz legionerlər arasında 5-6 nəfər oldu ki, Qəbələdə yaşamaq istəmədiyi üçün gəlmədi"

17:00 - 28 İyul 2025

Premyer Liqada yeni mövsümün başlanmasına az vaxt qalsa da, "Qəbələ" hələ də heyətini tam komplektləşdirməyib. Klub üçün çətinlik yaradan amillərdən biri də, bəyəndikləri bəzi legionerlərin bölgədə yaşamaq istəməməsidir. Əslində, bu tək "Qəbələ"nin yox, əksər bölgə klublarının üzləşdiyi durumdur. Ölkəmizə xüsusilə ailəsi ilə birlikdə gələn legionerlər paytaxtın dəbdəbəsini daha üstün tuturlar, nəinki regionları. 

Bu məsələ ilə bağlı "Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlının fikirlərini öyrəndik. Sportal.az saytına danışan klub rəsmisi vəziyyəti belə dəyərləndirdi: 

"Bəyəndiyimiz legionerlər arasında 5-6 nəfər oldu ki, Qəbələdə yaşamaq istəmədiyi üçün gəlmədi. Dedilər ki, Bakı olsaydı, razılaşardıq. Biri uşağı üçün beynəlxalq məktəb axtarırdı, Qəbələdə olmadığı üçün keçidi baş tutmadı. Amma problem yoxdur. Qəbələdə yaşayıb, oynamaq istəyənləri cəlb edəcəyik. 

Ümumilikdə sifariş vərəqəsinə 10 legioner daxil etməyi planlaşdırırıq. Bəziləri ilə artıq rəsmi müqavilə bağlamışıq. Danışdıqlarımız, cavab gözlədiklərimiz var. Yaxın bir həftədə 3-4 transfer də gerçəkləşdirmək istəyirik ki, mövsüm başlayana qədər uyğunlaşa bilsinlər".

Xəbər xətti