"Transfer dönəmində menecerimlə daim danışırdıq. Demək olar ki, bir ay danışıq getdi və sonda “Varajdin”i seçdim".
Bu sözləri Sportal.az saytına açıqlamasında Rüfət Abdullazadə deyib. Yayda Xorvatiyanın “Varajdin” klubu ilə üç illik müqavilə imzalayan Abdullazadə ötən mövsümü “Səbail”də keçirmişdi. Xorvatiyaya yollanmamışdan əvvəl “Vansspor”a keçidi gündəmdə olmuş Rüfət həmin məsələnin gedişatından da bəhs edib:
“Doğrudur, Türkiyə klubu ilə də danışığımız olmuşdu. Lakin bayaq dediyim kimi, sonda ortaq qərar verdik və seçimim “Varajdin” oldu. Yeni komandam və Xorvatiya çempionatı barədə əvvəlcədən də az məlumatlı deyildim. Hər halda, təklif gəldikdən sonra daha da yaxından və daha çox izlədim. İndi fikrim komandaya, məşqlərə və oyunlara fokuslanıb. Kollektivdə də məni çox mehriban, yaxşı və səmimi qarşıladılar. Hamı mənə kömək edir. Komanda ilə toplanış keçməməyimə baxmayaraq, tam hazır formaya düşmək istəyirəm”.
Rüfətin komanda yoldaşları arasında vaxtı ilə “Sabah”ın formasını geyinmiş Mario Marina da var. Abdullazadə xorvat futbolçu ilə Azərbaycan futbolu haqda söhbət etdiklərini bildirib: "Bəli, onu tanıyırdım, bizim liqamızda oynamışdı. Marina ilə söhbət etdik. Azərbaycanda oynadığı vaxtlardan danışdıq”.
Mirbağırağa
saytlarin hazirlanmasi