Amandır, Santuşun xətrinə dəymək olmaz... - Qurban Qurbanovun "gözünü çıxarırsız"

14:50 - 7 Sentyabr 2025

Tanınmış jurnalist Ceyhun Rzayevin millimizin İslandiyaya biabırçı məğlubiyyətindən sonra Santuşa verdiyi sual gündəm olub. Emosional tərzdə səslənən sualın qayəsi belədir ki, portuqaliyalı mütəxəssis heçmi özünə hörmət qoymur... 

Məncə, Ceyhun hələ az deyib. Santuş daha ağır ifadələri haqq edir. Bu adam gələndən bəri yığmamız sürətlə üzüaşağı gedir. Əvvəllər bayramdan-bayrama, əhəmiyyətini itirmiş oyunlarda qələbə qazanmağı var idisə, Santuş gələndən sonra millimiz bunu da yadırğayıb. 

Axı, Santuş gələndə bizi əmin edirdi ki, bir ildən sonra daha yaxşı milli komanda görəcəyik. Bu adama milyonlar ona görə verilmir ki, millimiz məğlub ola-ola getsin. Məğlub olmaq üçün milliyə məşqçi lazım deyil. Futbolçular özləri məhəllə komandası kimi yığışıb oyun keçirə bilərlər. Belə baxanda, axır vaxtlar elə məhəllə futbolu oynayırlar. Nə məşqçi işi görünür, nə hazırlıq nəzərə çarpır... 

Ən qəribəsi odur ki, "Qarabağ" bir oyun uduzan kimi Qurban Qurbanovun "gözünü çıxaran" toplum əcnəbi məşqçilərə daha mərhəmətli davranış sərgiləyir. Dərhal köhnəlmiş tezislər təzədən ortaya atılır - "yazıq əcnəbi neyləsin, bizdə futbolçu yoxdur da..." Birincisi, yazıq o milyonları cibinə qoyub gedən əcnəbilər deyil, yazıq bizik ki, illərdir bu əsəbin, stresin içində yaşayırıq. İkincisi, həmin əcnəbilər böyük vədlər verəndə, görmürdülər ki, bu millidə üst səviyyədə oyunçu yoxdur?
 
Ortaya atılan daha bir arqument odur ki, günah Santuşda yox, AFFA-dadır. Çox absurd məntiqdir. Günah həm Santuşdadır, həm də AFFA-da. Məşqçi müqavilə bağlayıb, öhdəlik götürüb, əvvəldən də hara gəldiyini yaxşı bilib. Necə ola bilər ki, indi onun günahı olmasın? 

O ki qaldı AFFA-ya. Bəli, ən böyük günahkar AFFA-dır. Başda Rövşən Nəcəf və onun müavinləri olmaqla. Bir qrup həvəskarın idarəçiliyi altına keçən federasiya ən pis dönəmini yaşayır. Başqa-başqa peşə sahiblərinin ümidinə qalan futbolumuzun bundan daha yaxşı olmasını gözləməyin özü də yersizdir. Guya futbolda hansı işimiz qaydasında gedir ki, millimiz də yaxşı nəticələr versin. AFFA bu ölkənin sağalmaz yarasına çevrilib. Uzun illər Elxan Məmmədovdan çəkdiklərimiz az idi, indi də onun ağlında olan başqa dəstənin əlində qalmışıq. 

Həmid

Xəbər xətti