"Yuventus"la müqavilə imzaladığı üçün xain elan olundu

21:22 - 31 Oktyabr 2025

Lusiano Spallettinin “Yuventusun” baş məşqçisi vəzifəsinə təyin olunması “Napoli” azarkeşləri arasında böyük narazılıq doğurub.

Sportal.az xəbər verir ki, onlar keçmiş baş məşqçilərini xəyanətdə günahlandırıblar.

Spalletti “Napoli”ni 33 ildən sonra 2022/23 mövsümündə İtaliya çempionu etmişdi. O, həmin uğuru karyerasının zirvəsi adlandırmış və klubun loqosunu qoluna döymə şəklində həkk etdirmişdi.

Azarkeşlərin 66 yaşlı mütəxəssisin "Yuventus"la müqavilə imzalamasına dərhal reaksiya veriblər. Dünən Neapolun ən məşhur məhəllələrindən biri olan Ponte della Sanitada “İnsanlar üçün rüsvayçılıq, utancverici talelər” sözləri yazılmış plakat asılıb. “Anima Azzurra” adlı azarkeş qrupu isə “Instagram” səhifəsində Spallettini “saxtakar” və “xəyanətkar” adlandırıb.

Azarkeşlərin qəzəbinə yalnız emosiyalar deyil, həm də Spallettinin keçmiş bəyanatları səbəb olub. Hələ mart ayında, İtaliya yığmasının baş məşqçisi vəzifəsində olarkən o, “Mən İtaliyada başqa heç bir komandaya rəhbərlik edə bilmərəm" demişdi.

“Yuventus”dakı ilk mətbuat konfransında Spalletti bu ittihamlara cavab verib. O, Neapolla olan bağının sarsılmaz qaldığını bildirib:

“Bu gün qan analizi verdim və həkim qanı sağ qolumdan götürdü, çünki sol qolumda ‘Napoli’nin döyməsi var. İstəmədim ora toxunsunlar. Mənim üçün heç nə dəyişməyib. Mən Neapola qayıdacağam, bu şəhər həmişə ürəyimdə qalacaq”.

Eyni zamanda, o, “İtaliyada başqa klubda işləmərəm” ifadəsinin kontekstdən çıxarıldığını qeyd edib:

“Mən prezidentə demişdim ki, əgər məni istefaya göndərsə, bir mövsüm ərzində heç bir klubla müqavilə imzalamayacağam. Bu sözümə əməl etdim. Bu, həm klub, həm də şəhərə hörmət idi. Amma indi mən azadam. Bu vəziyyətdən istifadə edib məni tənqid edənlər, sadəcə, reallığı təhrif edirlər”.

Xəbər xətti