"Mançester Yunayted"in avrokuboklarda olmaması işi bir az asanlaşdıracaq" - Nani

23:51 - 30 Oktyabr 2025

Nani hesab edir ki, “Mançester Yunayted” yaxın illərdə Premyer Liqanı qazana bilər.

Sportal.az xəbər verir ki,  “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi "Covers.com"a müsahibəsində bunları qeyd edib:

“Çempionluq? Niyə də olmasın? Onlar güclü komanda qururlar və daim turnir cədvəlinin zirvəsində olan komandalar – ‘Arsenal’, ‘Liverpul’, ‘Çelsi’, ‘Man Siti’ ilə real rəqabətə qayıtmağa çalışırlar. Hazırda onlar da oradadır. Şansları var. Əgər növbəti bir neçə oyunu qazansalar, hər şey dəyişə bilər. Heç vaxt dəqiq bilmək olmur. Bu il olmasa, bəlkə də növbəti mövsümdə özlərinə inam qazanacaqlar. Gözləyək, görək.

Dediyim kimi, klubun və futbolçuların vaxta ehtiyacı var, çünki onların tarixini bilirik. Sadəcə gəlib bu tarixi davam etdirmək asan deyil. Klubda böyük dəyişikliklər baş verir – çoxlu yeni oyunçular, yeni baş məşqçi, yeni əməkdaşlar var və hər kəs anlamalıdır ki, bu klub və onun tarixi nə qədər böyükdür.

Ruben Amorim çox yaxşı iş görür, o, əla məşqçidir. Komandada çoxlu istedadlı futbolçular var, sadəcə, onların liqaya tam uyğunlaşması üçün bir az daha çox vaxta ehtiyac var. Bundan sonra isə necə birləşib hər turda özlərini göstərə biləcəklərinə baxmaq lazımdır. Hazırda biz yaxşı mərhələdəyik, müsbət atmosfer yaranıb. Üç oyunda ardıcıl qalib gəlmişik və inanıram ki, növbəti matçda dördüncü qələbə gələcək. Daha güclü komanda formalaşdırmaq üçün imkanımız var.

Bəli, bir tərəfdən avrokuboklarda iştirak etməmək işimizi asanlaşdırır, amma, əlbəttə, hamı komandanı avrokuboklarda görmək istəyir – həftəiçi oyunsuz qalmaq azarkeşləri məyus edir. Amma hazırkı vəziyyətdə, onların qurmaq istədiyini nəzərə alsaq, bu, daha yaxşıdır. Komandanı hazırlamaq və futbolçuları məşq etdirmək üçün daha çox vaxt olacaq. Bəzən futbolçular çoxlu oyun yükünə və təzyiqə tab gətirməkdə çətinlik çəkirlər. Məncə, həftəiçi oyunlar olmadıqda onlara daha rahat olacaq – taktika və digər vacib detallar üzərində işləmək imkanı yaranacaq".

Xəbər xətti