"Kəpəz" Misli Premyer Liqasının 10-cu turunda səfərdə "Neftçi"yə 1:4 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyuna itkilərlə çıxmışdıq. Bilirdik ki, ağır matç olacaq. Ehtiyat oyunçular skamyamız kasad idi. Birinci hissədə nələrisə öz xeyrimizə dəyişə biləcəyimizi düşünürdük. Təəssüflər olsun ki, istədiklərimiz alınmadı.
- Müdafiədə belə zəif oyunun səbəbi nədir?
- Bir oyunu azlıqda oynamışıq. Bu gün isə ehtiyat oyunçular skamyamız demək olar ki, yox idi. Ba ilə Ohori kimi iki əsas oyunçuların olmaması bizim kimi komandalara təsir edir. Heç kim qol buraxmaq istəməz. Təəssüflər olsun ki, boşluqlarımız var. Düşünürəm ki, bunun öhdəsindən gələcəyik.
- "Kəpəz"də oyunçu keyfiyyəti aşağıdır. Bu heyətlə hara qədər davam edəcəksiz?
- Keyfiyyət barədə danışmaq istəmirəm. Bu gün həmin oyunçular mənimdir. Davam etməliyik, məcburuq. Xalları bu futbolçularla yığacağıq. Dəyişikliklər əlbəttə ki, olacaq.. Zəif tərəflərimiz var. Hər şeyin vaxtı var. Vaxtı çatanda qərarlar verəcəyik.
Hakimlikdən danışmaq istəmirsiz?
- Hakimlik elə mövzudur ki, bugünkü gündə qarışıqlıqıdr. Bütün dünyada, xüsusən də Türkiyədə. Çox şey danışmaq istəmirəm. Dinimizdə də 3 hakimdən 2-si cəhənnəmlikdir. Qərarları verəndə fikirləşsinlər ki, kimlərinsə haqqına girməsinlər. Ötən turda 11 dəqiqə oyun dayanır, 5 dəqiqə əlavə vaxt verilir. Yeni qaydalar var. Yəqin vaxt keçdikcə, biz də təcrübə toplayarıq. Bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikəri qərarların hamısı onlara yedizdiriləcək.
- Rza Cəfərovun qışda "Kəpəz"ə keçəcəyi ilə bağlı xəbərlər var. Bu, nə dərəcədə realdır?
- Hazırda heç nə yoxdur. Sabah necə olacağını da bilmirəm. Rza "Neftçi"nin futbolçusudur. Bizimlə də danışıq olmayıb.
saytlarin hazirlanmasi
