Madrid "Real"ının 4 futbolçusu La Liqanın 15-ci turundakı qarşılaşmanın yekununa əsasən diskvalifikasiya edilib.
Sportal.az xəbər verir ki, bu matçda Xabi Alonsonun komandası "Santyaqo Bernabeu"da "Selta"ya 0:2 hesabı ilə uduzub.
Oyunun gedişində meydan sahibləri müdafiəçilər Fran Qarsiya və Alvaro Karrerasın qırmızı vərəqə alması səbəbindən matçı 9 nəfərlə başa vurublar.
Epizodların araşdırılmasından sonra La Liqa intizam sanksiyalarını açıqlayıb. Kobud oyuna görə qovulan Alvaro Karreras, hakimə qarşı təhqiramiz ifadələr işlədən kapitan Daniyel Karvaxal və meydana çıxmasa da, qırmızı vərəqə alan hücumçu Endrik 2 oyunluq cəzalandırılıblar. 64-cü dəqiqədə meydandan qovulan Fran Qarsiya isə 1 matçı buraxacaq.
Qeyd edək ki, "Real" İspaniya çempionatının 16-cı turunda səfərdə "Alaves"in qonağı olacaq. Qarşılaşma 15 dekabr tarixində baş tutacaq.
saytlarin hazirlanmasi
