“İmişli”nin təşəbbüsü ilə Azərbaycan futbolunun inkişafında böyük xidmətləri olmuş, hazırda da futbol fəaliyyətində olan və ya təqaüddə olan 40 veteran futbolçuya Qurban bayramı münasibətilə sovqat təqdim edilib.
Sportal.az xəbər verir ki, təşəbbüsün əsas məqsədi bayram günündə futbol veteranlarını yad etmək, onların Azərbaycan futbolunun inkişafındakı əməklərini dəyərləndirmək, eyni zamanda Qurban bayramının müqəddəs məramına uyğun olaraq sosial məsuliyyət çərçivəsində aztəminatlı veteran futbolçulara da dəstək göstərmək olub.
“Neftçi” bazasında baş tutan görüşdə “İmişli” PFK-nın vitse-prezidenti Şirin İbrahimova, klubun meneceri İlkin Əhmədov və mətbuat katibi Leyla Behbudlu iştirak ediblər. Tədbirdə çıxış edən klub nümayəndələri “İmişli” PFK-nın prezidenti Kamran Eyyubovun bayram təbriklərini və xoş arzularını veteran futbolçulara çatdırıblar.
Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev də çıxışında Premyer Liqa klubları arasında belə bir təşəbbüslə ilk dəfə məhz “İmişli” PFK-nın çıxış etdiyini vurğulayıb. O, bu addımı yüksək qiymətləndirərək klub rəhbərliyinə təşəkkürünü və minnətdarlığını bildirib.
Öz növbəsində Azərbaycan futbolunun inkişafında mühüm rol oynamış veteran futbolçular da göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, “İmişli” PFK-nın gələcək fəaliyyətində uğurlar arzulayıblar. Futbol Veteranları İttifaqının sədri tərəfindən klub nümayəndələrinə simvolik hədiyyələr və forma təqdim olunub. Tədbirin sonunda veteran futbolçularla xatirə şəkli çəkdirilib.
saytlarin hazirlanmasi
