"Neftçi"dən sıradan oyunçu kimi gedən, milli üzvü kimi qayıdan Rüfət - Ayxan Abbasovun tapıntısı

13:05 - 2 İyun 2026

Onu ilk dəfə "Şamaxı"nın "Sabah"a qarşı səfər oyununda görmüşdüm. O vaxta qədər tanımırdım Rüfəti. Debüt oyununda bir qol və bir assistlə yadda qaldı. Maraqlandım kimdi, haradan peyda olub. Dedilər "Nefçi"dən gəlib. Özü də təzminatsız filansız. Elə belə buraxıblar getsin... 

Turlar keçdikcə daha yaxşı Rüfət görməyə başladıq. Müdafiənin solunda oynasa da, bütün cinahboyu "ağalıq" edirdi. Ayxan Abbasovdan maraqlandım onu. Başqalarını demirəm, elə "Sumqayıt"da Elvin Cəfərquliyevi üzə çıxarması Ayxan Abbasovun gənclərlə necə işləmək bacarığına malik olmasına parlaq nümunədir. Böyük ölçüdə "Neftçi"yə lazım olmayan Rüfət Abbasovda nəsə görmüşdüsə, onu da daha yaxşı səviyyəyə qaldıracağına şübhəm yox idi. 

Ayxan Abbasovdan Rüfət barədə soruşdum, o isə ümumən akademiyalardan gələn gənclər barədə danışdı. Bilmirdim Rüfətə görə sevinim, yoxsa ümumi duruma görə üzülüm... Ayxan müəllim izah elədi ki, 15-16 yaşlı uşaqlara təməl güc məşqləri ya verilmir, ya da düzgün verilmir. Bunun üçün akademiyalarda çox bilikli, uşaq futbolunun yükləmə proqramını yaxşı bilən fiziki hazırlıq üzrə mütəxəssislər olmalıdır. Bizdə bu sarıdan da axsaqlıqlar var. Premyer Liqa komandaları xaricdən belələrini gətirir, akademiyalarda isə U-17, U-19 komandaları üçün belə xərclərə getmək istəyənlər yoxdur. Bunun üzərinə şəraitsizliyi, uşaq futbolunda çalışan məşqçilərin əksəriyyətində bacarıq yetərsizliyini gələndə mənzərə daha acınacaqlı hal alır. 

Sırf Rüfətə gəlincə, Ayxan hoca onun da bu çətinliklərdən keçdiyini dedi. Xüsusən təməl gücü sarıdan geriliyi olduğu üçün yükləmələri əziyyətlə qəbul edirdi. Lakin zamanla Rüfət hərtərəfli inkişaf etdi. Onu "Şamaxı"ya gətirən Ayxan Abbasov əsas millinin qapılarını da Rüfətin üzünə açdı. 

O, iki ilin içində sıradan futbolçudan milli komandanın üzvünə çevrildi. Bu, bir uğur hekayəsidir. Söhbət Rüfət Abbasovdan getsə də, bu hekayənin baş qəhrəmanı onu bu səviyyəyə qaldıran Ayxan Abbasovdur. Bir neçə il əvvəl "Neftçi"yə lazım olmayan futbolçu, indi bu kluba yüksək ödənişli, ölkənin ən yaxşı sol cinah müdafiəçilərindən biri kimi qayıdır. 

Bu hadisə bir daha göstərir ki, futbolda şans da çox vacibdir. Rüfət Abbasov Ayxan Abbasovun yox, başqa bir mütəxəssisin əlinin altına düşsəydi, bəlkə hələ də onu düz-əməlli tanıyan olmayacaqdı Azərbaycan futbolunda.

Emin Abbasov

Xəbər xətti