"Qəbələ"nin futbolçusu Xayme Sierra Sportal.az saytına müsahibə verib.
- “Qəbələ” Premyer Liqada qalmağı bacardı. Bir müddət əvvəl 11-ci yeri tutduğunuz üçün kədərlənmişdinizsə, indi ondan da çox xoşbəxtsiniz?
- Bu qələbəni qazandığımız üçün çox xoşbəxtik. Amma daha çox xal qazana biləcəyimiz və layiq olduğumuz bir çox oyunumuz oldu. Əminəm ki, “Qəbələ” qarşıdakı mövsüm liqada daha yaxşı çıxış edəcək.
- “Mingəçevir”ə qarşı oyun necə keçdi? Demək olar ki, asanlıqla qalib gəldiniz?
- Onlar oyuna yaxşı başlamışdı. Həmişəki kimi çox motivasiyalı idilər, amma düşünürəm ki, hesab 2:0 olanda oyun artıq bitmişdi. Düşünürəm ki, iki komanda arasında intensivlik və keyfiyyət baxımından kifayət qədər fərq var idi.
- “Mingəçevir” I Liqada ikinci yeri tutaraq güclü komanda hesab olunurdu. Sizcə, I Liqa klubları ilə Premyer Liqa klubları arasındakı fərq çox böyükdür?
- Məncə, elədir. Premyer Liqa getdikcə daha da böyüyür. Bu, məni təəccübləndirən məqamdır. Çünki mən İspaniya, Belçika və Xorvatiya kimi güclü liqalardan gəlirəm və düşünürəm ki, Azərbaycan futbolu inkişaf etməyə davam edəcək.
- “Qəbələ” ilə müqaviləninin bitməsinə hələ bir il qalıb. Növbəti mövsüm səni “Qəbələ”də görəcəyik, yoxsa getmək istəyirsən?
- Klubda xoşbəxtəm və burada davam etmək istəyərdim. Amma qarşıdakı həftələrdə necə olacağını görəcəyik. Mən iddialı insanam və Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq yox, daha böyük məqsədlər uğrunda oynamaq istəyirəm.
- Səncə, 2026/2027 mövsümündə komandanın turnir cədvəlinin sonunda qalmasının qarşısını almaq üçün nə etmək lazımdır? Heyətiniz bu mövsüm güclü idimi?
- Yeni oyunçularla güclənməli, eyni zamanda bu ildən vacib oyunçuları saxlamalıyıq. Yaxşı komanda qurmaq üçün bu vacibdir. Əminəm ki, “Qəbələ” bunu edəcək. Çünki klubun yaxşı idman direktoru və yaxşı baş məşqçisi var.
Mirbağırağa
