Keyn və Bellingemin butsları, Tuxelin isə taktika lövhəsi oğurlandı - İngiltərə millisində şok oğurluq

10:59 - 13 İyun 2026

DÇ-2026 üçün ABŞ-də olan ​İngiltərə milli komandasının düşərgəsində görünməmiş hadisə yaşanıb.

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, komandanın məşq avadanlıqları və şəxsi əşyaları oğurlanıb.

Komandanın əsas ulduzları Harri Keyn və Cud Bellingem başda olmaqla, bir çox futbolçunun butsları yoxa çıxıb. Oğrular millinin məşq toplarını da aparıblar. Hazırda komandanın sərəncamında məşq keçmək üçün cəmi 1 ədəd top qalıb.

Baş məşqçi Tomas Tuxel və köməkçilərinin komandaya oyun taktikasını izah etmək üçün istifadə etdikləri xüsusi taktika lövhələri və digər texniki avadanlıqlar da oğurlanan əşyalar arasındadır.

​Hadisə ilə bağlı dərhal araşdırmalara başlayan təhlükəsizlik qüvvələri ilk şübhəliləri müəyyənləşdirib. Hüquq-mühafizə orqanları materialların daşınmasına məsul olan yük maşını sürücülərindən şübhələnir.

​Hazırda faktla bağlı genişmiqyaslı istintaq prosesi davam edir. İngiltərə futbol rəsmilərinin hadisə ilə bağlı yaxın saatlarda rəsmi açıqlama verəcəyi gözlənilir.

Xəbər xətti