"Qarabağ"ın başqanı Tahir Gözəl bir neçə il əvvəl jurnalistlərlə görüşündə söz vermişdi ki, klubun akademiyası inkişaf etdiriləcək.
Məhz bu istiqamətdə görülən işlərin nəticəsində akademiyanın başına təcrübəli mütəxəssis Aftandil Hacıyev gətirildi. İdarəçi kimi uzun illər "Qəbələ"də ortaya ciddi iş qoyan Nail Kərimov dəvət olundu. Maksim Medvedev, Rəşad Sadiqov, Rauf Əliyev kimi adlar "Qarabağ"ın akademiyasında məşqçiliyə başladılar.
O vaxtdan bu vaxta "Qarabağ" xeyli inkişaf edib. Demək olar ki, bütün millilələrə ən çox oyunçu verən klub məhz "Qarabağ"dır. Müşahidələr onu göstərir ki, 1-2 ildən sonra Qurban Qurbanov əsas komandada da rahatlıqla akademiyanın yetirmələrindən yararlana biləcək. Çox istedadlı uşaqlar var.
Bu da böyük yatırımın və əziyyətin bəhrəsidir. "Qarabağ"ın uşaq komandaları bu mövsüm 10 beynəlxalq turnirdə iştirak edib. Məsələn, U-16 Niderlanda, U-17 komandası Fransaya gedib. Xüsusən, şengen zonası olan ölkələrə səfər etmək böyük xərclərə başa gəlib.
Hal-hazırda akademiya üçün möhtəşəm infrastruktur qurulması istiqamətində ciddi işlər gedir. Bu günə qədər ölkədə bu mənada ən yaxşı infrastruktur "Bakı" və "Qəbələ"də olub. Lakin həmin klublar bunu həm əsas, həm də akademiyanın ortaq istifadəsi üçün ərsəyə gətiriblər. "Qarabağ" isə sırf akademiya üçün ayrıca idman qurğusu tikməkdə israrlıdır.
Görünən odur ki, Tahir başqan sözünün üstündə dayandı. Bir neçə ilə "Qarabağ"ın çox güclü akademiyası olacaq!.
Sportal.az
saytlarin hazirlanmasi
