Çətinliklərə rəğmən... - Elxan Səmədovla bağlı qeyri-müəyyənliyə son

14:53 - 24 İyul 2026

Onun futboldakı gələcəyi ilə bağlı xeyli vaxtdır qeyri-müəyyənlik hökm sürürdü. Elxan Səmədovun PFL-dən uzaqlaşdırılacağını iddia edənlər də var idi, bu qurumun ümumiyyətlə ləğv olunacağını deyənlər də. 

Amma bu mövzuda kiminlə söhbətim olurdusa, demək olar hamı eyni reaksiyanı verirdi, üzülürdü. Bəlkə də, ətrafımda, ünsiyyət dairəmdə elə özüm kimi düşünənlər olduğu üçün belə fikirlər eşidirdim. Lakin bu həm də faktdır ki, sırf futbol ictimaiyyətində Elxan Səmədovun 4 illik fəaliyyətini yüksək qiymətləndirənlər daha çoxdur, nəinki ona qarşı olanlar.

PFL-ə rəhbər keçən kimi ətrafına dost-tanışını yox, bu sahədə illərini vermiş Aslan Şahgəldiyev, Elgiz Abbasov, Sənan Abdullayev kimi peşəkarları yığııb, onlarla yola çıxan Elxan Səmədov ilk gündən göstərmişdi ki, niyyəti futbola xidmət etməkdir. Bu 4 il ərzində də PFL-i yeni səviyyəyə qaldırmaq, işin keyfiyyətini yüksəltmək üçün əlindən nə gəlibsə, onu da edib. 

Təbii ki, çoxlu çətinliklərlə də üzləşiblər. Mövcud şərait 12 komandalı çempionat keçirmək üçün əlverişsiz olsa da, İcraiyyə Komitəsi belə qərar çıxarıb. Qərarı verən AFFA, nəticədə əziyyətini çəkən PFL olub. Hərçənd, belə əhəmiyyətli qərar çıxaranda, AFFA Peşəkar Futbol Liqasının mövqeyini soruşmayıb ki, 12 komandalı çempionatı yüksək səviyyədə keçirmək mümkündür, ya yox... 

Elxan Səmədovun qələmini qırmaq üçün səbəb axtaran qüvvələrin ən tutarlı arqumenti PFL-in son mövsüm "Turan Tovuz"un oyununu bir neçə aylıq təxirə salmasıyla bağlı idi. "PFL qorxdu, qətiyyətsizlik etdi" və s. fikirlərin ortaya atılmasıyla qurumun imicini aşağı salmaq istəyirdilər. Bəli, Elxan Səmədov bəlkə də, əsasnaməylə davranmayıb. Amma bir şeyi də qəbul etmək lazımdır ki, idarəçilik bəzən duruma uyğun davranmağı tələb edir. Ölkə futboluna böyük yatırım edən Ehtiram Quliyev zatən hamının onlara qarşı olduğu düşüncəsindədir. VAR-sız oyun keçirmək istəməyən klub rəhbərinə də anlayışla yanaşmaq gərəkdir. 

O ki qaldı qətiyyətsizliyə, AFFA-nın İcraiyyə Komitəsinin "İmişli" ilə bağlı qərarı var. Kluba 1 il vaxt verilsə də, doğma rayona qayıda bilmədilər. Faktiki İK "İmişli"ni I Liqaya göndərməlidir. Varmı AFFA-nın buna qətiyyəti? Hələ ki "qurbağa gölünə daş atılıb". AFFA bu mövzuda səsini çıxartmır. Səbəbi aydındır, həmişə rəsmiyyətlə qərar vermək olmur, reallığı nəzərə almaq lazımdır. 

Şəxsən mənimçün bu məsələnin ən həssas tərəfi Elxan Səmədəovun şəxsiyyəti ilə bağlıdır. Elxan bəy tanıdığım insanlığıyla seçilən, vicdanlı, xalxın balasına yol açmaqla fərqlənən adamdır bizim mürəkkəb cəmiyyətdə. Ona qarşı səslənən daha bir irad odur ki, işçilərinə yaxşı maaş verir, qurumda çalışanların rifahını yüksəltməyə çalışır. Durumun bu tərəfi lap üzücüdür. AFFA-ya yaxın klublara rəhbərlik edənlər, onlarn dostları, qohumları yüksək maaş və qonorarlar alanda normal qəbul olunur. Amma PFL-də sıradan adamlar, tanışsız-bilişsiz vəzifə tutanların alacağı dərhal başqalarının gözünə girir. Siz bilməzsiz, amma Aslan, Elgiz, Sənan kimi uşaqlar illərboyu futbolumuzun əziyyətini çəkəndə, zaman-zaman təmənnasız, şaxtada-çovğunda iş başında olanda, indi klublarda o böyük pulları qazananlar bu sahədə olmayıblar, həmin çətinlikləri görməyiblər. Allaha min şükür ki, Elxan Səmədov kimi bir adam gəlib futbola, belə adamların əziyyətinin qarşılığını verir. Buna sevinmək, nümunə götürmək, insanlara haqq etdiyinin qarşılığını vermək lazımdır. 

Ya vəlvələdən, ya zəlzələdən Elxan Səmədov daha 4 il PFL-ə rəhbərlik edəcək. Hamı bir-birini sevmək məcburiyyətində deyil. Burada xarakterdən tutmuş, daxili dünyaların yaxınlığına qədər bir çox faktorlar önəmlidir. Amma empati qurmaq alınmırsa, heç olmasa futbolumuzun inkişafı naminə həmrəyliyə nail olmaq lazımdır. Bu sahədə çalışanlar hamılıqla bir ələ vurmalı, bir ideya ətrafında birləşməlidir. Əks təqdirdə illər bir-birini əvəzləyəcək, ortalığa yenə heç nə çıxartmaq mümkün olmayacaq. 

Emin Abbasov

Xəbər xətti